Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb
    • 11-03-2019, 17:30
    • 1 170

Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb

"Qarabağ"ın futbolçusu Maksim Medvedev klubun tarixində mütləq rekorda sahib çıxıb.

News24.Az Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub. 
2006/2007 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran təcrübəli oyunçu Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu Hüseynov 394 rəsmi matçda doğma klubunun formasını geyinib.
Regional yarışların nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.
Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçi Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Maksim Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləyib.