Rafael Ağayev: "Uduzmağı da bacarmalıyıq"
    • 3-04-2019, 16:32
    • 1 432

Rafael Ağayev: "Uduzmağı da bacarmalıyıq"

"Komandamız yeni baş məşqçinin rəhbərliyi altında məşqlərə başlayıb. Artıq üç aydır ki, onun rəhbərliyi ilə məşqləri davam etdiririk. Hər bir idman növündə yeni baş məşqçi gələndə nəticələr üçün zaman lazım olur. Vaxt lazımdır ki, baş məşqçinin taktika və texnikasına uyğunlaşaq. Bizdə hər şey yaxşı alınır".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniyanın Qvadalaxara şəhərindəki karate üzrə Avropa çempionatında gümüş medal qazanan Azərbaycan təmsilçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı hazırda özünü  yaxşı formada hiss etdiyini söyləyib: "Düzdür, bu il üç yarışın ikisində finalda olmuşam. Hər üçündə də medal götürmüşəm. Hələ ki, qızıl medalım yoxdur. Buna görə bir az narahat oluram. Amma hazırkı formam yaxşıdır.

Peşəkar idmançı bir il ərzində hər zaman yüksəkdə ola bilməz. İstər-istəməz bu, idmanın gedişatıdır. İdmançının da qalxma və enmə prosesləri olur. Hər şeydən razıyam. Əsas hədəfimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak edib, orada qızıl medallar qazanmaqdır. İstəyimiz odur.

Hələ ki, ikinci və üçüncü yerlərdə olmağım məni o qədər də qorxutmur və həvəsdən salmır. Kim nə desə də, öz bədənimi, fiziki göstəricilərimi yaxşı bilirəm. Düşünürəm ki, gələcək yarışlarda qızıl medal da qazanacağam".

Ağayev "Tokio-2020"dən sonra karyerasını davam etdirə bilmək ehtimalından da söz açıb: "İlk növbədə, olimpiadada qızıl medal qazanaq və bundan sonra gələcək karyerama aydınlıq gətirərik. Karyeramı bitirmək fikrim hələ ki, yoxdur. Özümü yaxşı hiss edirəm. Baxmayaraq ki, sonuncu yarışlarda bürünc və gümüş medal qazanmışam. Bu normal bir şeydir. Biz idmançılar robot deyilik.

Həmişə uduzmağı da bacarmalıyıq. Olimpiadaya hələ ki tam lisenziya qazanmamışam. Karatedə başqa idman növlərinə nisbətən bir az fərqlidir. Başqa idman növündə 2-3 yarış olur ki, onun mükafatçısı olanda birbaşa olimpiadaya lisenziya qazanılır.

Amma bizdə hər şey gələn ilin martında - Azərbaycanda keçiriləcək Avropa çempionatında həll olunacaq. İlk növbədə, "4-lük"də olmalıyam ki, lisenziya əldə edim. Olimpiadaya lisenziya turnirlərində hazırda ikinci pillədəyəm. Bundan sonrakı yarışlarda yaxşı nəticələr əldə etməliyəm ki, öz mövqeyimi itirməyim".