XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
İDMAN

27 iyul 2019, 22:38

Mətn ölçüsü

Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu. News24.az xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər. 
"Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.