Messi və Ronaldo bir-birinə neçə dəfə səs verib?
    • 25-09-2019, 20:49
    • 1 261

Messi və Ronaldo bir-birinə neçə dəfə səs verib?

Kriştiano Ronaldo və Lionel Messinin ilin futbolçusu nominasiyasında indiyədək səsvermə prosesi üzə çıxıb.

News24.az xəbər verir ki, hər iki futbolçu 2018-ci ilədək bir-birinə səs verməyib.

Lakin Messi ötən il Ronaldunu üçüncü, bu il isə ikinci kimi görüb. Daha da maraqlı məqamlar var. Onları təqdim edirik:

* Ronaldu yalnız bir dəfə “Barselona”lı futbolçunu üçlükdə görüb. Bu, Xavidir. Düzdür, Kriş bu il ikinci kimi “Barselona”nın futbolçusu Frenki de Yonqun adını çəkib. Lakin nəzərə alaq ki, de Yonqun adının hallanması ötən mövsüm Çempionlar Liqasında “Ayaks”da göstərdiyi oyuna görə olub.

* Messi iki dəfə üçlüyə “Real”dan futbolçu salıb. Bunlar Ronaldudan başqa, Luka Modriçdir. O bir dəfə – 2014-cü ildə Anxel di Mariyanın da adını çəkib. Lakin həmin vaxt o, “Real”dan “Mançester Yunayted”ə keçibmiş.

* “Yuventus”a keçənədək Ronaldu cəmi üç dəfə “Real”dan olmayan futbolçuları seçib. Bunlar Radamel Falkao, Xavi və Uesli Sneyderdir. “Yuventus”a keçdikdən sonra isə artıq dörd dəfə “Real”a aid olmayan futbolçulara üstünlük verib. Bunlar Antuan Qrizman (ötən mövsüm “Atletiko”da oynayarkən), Mateys de Lixt (“Yuventus”), Frenki de Yonq (“Barselona”) və Kilian Mbapedir (PSJ).

* Messi 10 dəfə “Barselona”dan olmayan oyunçuları seçib. Bunlar Serxio Aquero və Ronalduya iki, di Mariya, de Yonq, Sadio Mane, Neymar, Mbape və Luka Modriçdir.

* Ronaldu heç vaxt Portuqaliyadan olan futbolçulara səs verməyib.

* Messi dörd dəfə Argentinadan olan futbolçulara səs verib. Bunlar iki dəfə Aquero, bir dəfə di Mariya və Xavyer Maskeranodur.

Qeyd edək ki, Lionel Messi 46 xalla ilin futbolçusu seçilib. 38 xalla Vircil van Deyk II olub. Kriştianu Ronaldu isə hollandiyalı futbolçuya iki xal fərqi ilə uduzaraq III yeri tutub.
/Oxu.Az/