"Bayrağımız gün ərzində azı 2 dəfə dalğalanıb" - Azad Rəhimov
    • 27-12-2019, 13:27
    • 999

"Bayrağımız gün ərzində azı 2 dəfə dalğalanıb" - Azad Rəhimov

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib.

News24.az
xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasim videoçarxın nümayişi ilə davam edib.

Gənclər və İdman naziri Azad Rəhimov açılış sözü ilə çıxış edərək 2019-cü ilin Azərbaycan idmanı tarixində xüsusi yer tutacağını bildirib: "Beynəlxalq yarışlardan idmançılarımızın xoş soraqları gəldi. İl ərzində 775 medal qazanılıb. Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız gün ərzində ən azı 2 dəfə dalğalanıb. "Minsk 2019" II Avropa Oyunlarında 28 medal əldə olundu. Bakıda bir sıra mühüm idman yarışlar keçirildi. Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etdik".

Nazirin sözlərinə görə, il ərzində 233 Respublika yarışı təşkil olunub: "Təkcə Bakıda 60-dan çox beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışa qatılıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib. Hazırda 45 Olimpiya Kompleksi xidmət göstərir".
Nazir deyib ki, gələn il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam etməkdədir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. Bakı AVRO-2020-nin 4 oyununu və "Formula 1"ə ev sahibliyi edəcək. Karate üzrə 55-ci Avropa çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku təşkil ediləcək".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də ilin Azərbaycan idmanı üçün uğurlu alındığını bildirib. O, bütün idmançıların qarşıdan gələn Tokio-2020 Yay Olimpiya Oyunlarına səylə hazırlaşdıqlarını vurğulayıb. 

Ardınca ilin ən yaxşılarının mükafatlandırılmasına start verilib.