"Qarabağ" qrup mərhələsində mübarizəyə başlayır

"Qarabağ" qrup mərhələsində mübarizəyə başlayır
İDMAN

22 oktyabr 2020, 10:12

Mətn ölçüsü

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

News24.az xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq. "Blumfild" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən "Makkabi"yə qarşı oynamayacaq.

Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın “Sileks” (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq, Avropa Liqasının pley-ofuna düşüb. Burada isə Polşa "Legiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.

"Qarabağ" kimi "Makkabi" də Avropa Liqasının qrupuna ÇL-dən gəlib. I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litva "Suduva"sı (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa Avropa Liqasının qrupuna vəsiqə əldə edib.