"Qəbələ"nin baş məşqçisi: "Kəsərli hücumlar qura bilmədik"

"Qəbələ"nin baş məşqçisi: "Kəsərli hücumlar qura bilmədik"
İDMAN / SİYASƏT

03 dekabr 2018, 14:05

Mətn ölçüsü

"Ötən tur "Keşlə” ilə oyunu yaxşı keçirmişdik. Görünür, o görüşdən sonra komandanı çox tərifləmişdim. "Zirə" ilə oyunda mübarizə aparsaq da, real qol imkanımız olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Kəsərli hücum qura bilmədik".

Bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, komandası əlverişsiz hava şəraiti üzündən yarımçıq qalmış oyunun ilk günündəki səhvlərindən nəticə çıxarmayıb: "Bu gün qalib gəlmək istəyi var idi. Amma məncə, tələskənliyə yol verirdik. Bu da top itkiləri ilə nəticələnirdi". 
"Qəbələ"nin yalnız Adeniyidən asılı olmadığını vurğulayan Qurbanov bildirib ki, geniş heyətə malik deyillər. O, hər bir futbolçusu ilə qürur duyduğunu dilə gətirib: "Məncə, bu gün Stiven Monroz tək qalmışdı. Heyəti məşqə əsasən qururam. Rauf Əliyev yaxşı futbolçudur. Ona şans verirəm, amma özü də bundan istifadə etməlidir".
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı bu gün 57-ci dəqiqədən davam etdirilib. 

//Report