Devid Bekhem “Salford Siti” futbol klubunun səhmlərini alıb
    • 23-01-2019, 18:59
    • 1 072

Devid Bekhem “Salford Siti” futbol klubunun səhmlərini alıb

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem ölkə çempionatının beşinci divizionunda çıxış edən “Salford Siti” klubunun səhmlərini alıb.

Klubun saytında xəbər verilir ki, “Salford Siti”nin səhmlərinin əlli faizini 2014-cü ildə “Mançester Yunayted” klubunun sabiq futbolçuları Pol Skoulz, Rayan Giqz, Fil Nevil, Qary Nevil və Niki But (hər biri 10 faiz) əldə ediblər. Qalan hissələr isə İspaniyanın “Valensiya” klubunun sahibi olan sinqapurlu milyarder Peter Limə məxsusdur. Devid Bekhem “Salford Siti”nin səhmlərinin 10 faizini Peter Limdən aldığını bildirib. Beləliklə, ingilis futbolçuları klub idarəçiliyində nəzarəti ələ alıblar.
“Salford Siti” klubu 1940-cı ildə Mançester şəhərinin ətrafında yaradılıb. Klub uzun illər İngiltərə çempionatının səkkizinci və doqquzuncu divizionlarında oynayıb. Klub 2014-2015-ci il mövsümündə yeddinci, 2015-2016-cı ildə altıncı, 2016-2017-cı ildə isə beşinci diviziona yüksəlib. Hazırda “Salford Siti” beşinci divizionda 30 oyundan sonra 56 xalla 3-cü yerdə qərarlaşıb.
Devid Bekhamın futbolçu karyerası 1993-cü ildən 2013-cü ilədək davam edib. Yarımmüdafiəçi karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, ABŞ-ın “Los Anceles”, İtalyanın “Milan” və Fransanın PSJ klublarının heyətində mübarizə aparıb. Futbolçu İngiltərə millisinin heyətində keçirdiyi 115 oyunda 17 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 2014-cü ildə Bekhem ABŞ-ın “İnter Mayami” klubunu alıb. “İnter Mayami” 2020-ci ildə MLS çempionatında iştirak edəcək.

//AZƏRTAC