Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş futbol yarışları təşkil edildi - Foto
İdman
Ağdam, Füzuli və Xocavənd rayonlarında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş futbol turnirləri keçirilib.
News24.az xəbər verir ki, noyabrın 4-5-də Ağdam şəhərində "Zəfər naminə - Birlik Kuboku" adı altında mini-futbol turniri təşkil olunub.
Yarışda Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən şirkətlərin əməkdaşları və sakinlərdən ibarət komandalar iştirak ediblər. Turnirə ümumilikdə səkkiz komanda - "Ağdam", "Füzuli", "Xocavənd", "Mübariz", "İmarət", "Ağdam Təhsil", "Zəfər Bağları" və "Agro Lid" qatılıb.
İki gün davam edən turnir maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Komandalar yarış ərzində öz bacarıqlarını və qələbə əzmlərini nümayiş etdiriblər.
Bununla yanaşı, Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında məktəblilər arasında da futbol turniri təşkil olunub.
Yarışın əsas məqsədi şagirdlər arasında idmana marağı artırmaq, sağlam həyat tərzini və fiziki aktivliyi təşviq etmək, eləcə də onlarda birlik, həmrəylik və komanda ruhunu gücləndirmək olub.
Turnir çərçivəsində məktəblilər futbol bacarıqlarını nümayiş etdirərək komanda şəklində mübarizə aparıblar.
Qeyd edək ki, Zəfər Günü münasibətilə keçirilən bu idman tədbirləri birlik və həmrəyliyin təşviqinə, müxtəlif müəssisə və təşkilatların əməkdaşları, eləcə də məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, sağlam həyat tərzinin təbliğinə xidmət edir.