Ayxan Abbasov istefa verəcək?
İdman
"Qələbə qazanmaq istəyirdik, təəssüf ki, belə alındı".
News24.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan - Lixtenşteyn matçından sonra mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, bu heç-heçə komandanın işini daha da çətinləşdirdi:
"Bu gün günahkar axtarmayacağam. Bütün günah məndədir. Biz mütləq növbəti iki oyunda qələbə qazanaraq vəziyyətimizi yaxşılaşdırmalıyıq. Bu gün Lixtenşteyni udmağa borclu idik. Rəqibin peşəkar, yaxud qeyri-peşəkar olmasını müzakirə eləmək mənə düşmür".
Baş məşqçi istefa verib-verməyəcəyi məsələsinə də münasibət bildirib:
"Milli komanda ilə olan müqaviləm qışa qədərdir. Rəhbərlik hansı qərarı verərsə, mən onlarla razılaşacağam. Bu gün bizim futbolda başqa problemlər də görsənir. Zaman hər şeyi göstərəcək".
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Lixtenşteyn oyunu 0:0 hesabı ilə başa çatıb.