Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
İdman
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanıb.
News24.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazarla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Ömər Rəcəbli dünya çempionatının bürünc medalına sahib olub.
Bu gün 81 kiloqram çəki dərəcəsində mübarizə aparan digər Azərbaycan cüdoçusu Zelim Tçkayev isə final görüşünə çıxacaq.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8 finalda, Anna Zaytseva (63 kiloqram) isə 1/16 finalda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc medal qazanıb.
Dünya çempionatı oktyabrın 11-də başa çatacaq.