"Azərbaycan futbolunda qapıçı problemi olduğu aydın görünür" - Ekspert
İdman
Azərbaycan milli komandası son zamanlar beynəlxalq arenadakı çıxışları ilə diqqət mərkəzindədir.
Komandamız bu görüşlərdə “bərkə-boşa” düşüb, çətinliklərlə üz-üzə qalmaqla yanaşı, uğurlara da imza atır.
Bu fərqli turnirlər millimizə beynəlxalq oyun təcrübəsi qazandırıb müxtəlif futbol məktəbləri ilə tanış edir. Hər qarşılaşma nəticə qazanmaqla birgə futbolçularımızın inkişafı, strategiya və taktika təcrübəsinə böyük töhfə verir.
Son olaraq ötən gün millimizin "FIFA Series-2026" turnirində göstərdiyi oyun qalibiyyətlə nəticələndi. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gələrək kuboku başı üzərinə qaldırdı.
İndi çoxlarını bu sual maraqlandırır, bundan sonra komandamızı nələr gözləyir?!
Həmçinin, azarkeşləri millimizin rəqiblərlə oyun zamanı hücum xəttindəki çətinliklər, qapıçı mövqeyində isə uzun müddətdir həll olunmamış, açıq qalan problemlər də əndişələndirir.
Mövzu ilə bağlı News24.az-a fikirlərini bildirən futbol eksperti Emin Abbasov qeyd edib ki, "FIFA Series" təkcə bizə aid yarış deyil: "Bu yarış FIFA tərəfindən müxtəlif qitələrdə təşkil olunur. Hazırkı turnirdə dünya reytinqində bizdən bir qədər yuxarıda olan "Syerra Leone" kimi rəqiblə qarşılaşmağımız müsbət haldır. Bu, FIFA-nın layihəsidir və nə qədər uğurlu olacağını zaman göstərəcək. Məsələn, "Sent Lüsiya" kimi daha zəif səviyyəli yığma üçün Avropa təmsilçisi Azərbaycan ilə oynamaq imkanı yaranır. Bizə faydasına gəlincə, fərqli qitələrdən olan rəqiblərlə qarşılaşmaq, oyun praktikası qazanmaq və millinin bir araya gəlməsi baxımından olduqca müsbətdir, mənfi cəhətləri isə demək olar ki, yoxdur".
Ekspert həmçinin millinin göstərdiyi oyun barəsində də fikirlərini bildirib. Onun sözlərinə görə, həvəskar səviyyəli "Sent Lüsiya" ilə oyunu bir kənara qoysaq, əsas nəticəni "Syerra Leone" ilə qarşılaşmadan çıxarmaq olar: "Rəqib dərin müdafiədə oynayan və əks-hücumlara üstünlük verən komanda idi. İlk hissədə yığmamız çətinlik çəkdi. Xüsusilə, Renat Dadaşov və Musa Qurbanlı hücum xəttində effektiv ola bilmirdi. Fasilədən sonra Ayxan Abbasov sistemdə dəyişiklik etdi. Oyuna sonradan daxil olan Xəyal Əliyev və Toral Bayramov kimi futbolçuların fəallığı nəticəsində bərabərlik qolunu vurduq və penaltilər seriyasında qələbə qazanaraq finalı udduq.
Qapıçıların səviyyəsini isə yalnız penalti qurtarışları ilə qiymətləndirmək düzgün deyil. Elə yüksək səviyyəli qapıçılar var ki, penaltilərdə zəif çıxış edir, lakin ümumi performansları çox yüksək olur. Əksinə, penaltilərdə yaxşı olan, amma ümumi oyunda zəif qapıçılar da var. Bununla belə, ümumilikdə götürdükdə, Azərbaycan futbolunda qapıçı problemi olduğu açıq görünür".
Emin Abbasov Elvin Cəfərquliyev barəsində də düşüncələrini qeyd edib: "Elvin Cəfərquliyev təkcə bu mövsüm deyil, son illərdə də sabit və yaxşı performans göstərir. Artıq 26 yaşı var və xaricə transfer üçün ən uyğun dövrdədir. Daha gec addım atmaq onun üçün çətin ola bilər. Lakin bu məsələ ilə bağlı dəqiq məlumat yoxdur".