Azərbaycan millisinin məşqçisi azarkeşləri SÖYMƏK İSTƏDİ, - AFFA isə “ÖZÜ BİLƏR” dedi

Azərbaycan millisinin məşqçisi azarkeşləri SÖYMƏK İSTƏDİ, - AFFA isə “ÖZÜ BİLƏR” dedi İdman
“Özüm heç vaxt sosial şəbəkəyə baxmıram. Sizə də məsləhət görərdim ki, ora baxmaqla vaxtınızı boş yerə keçirməyin. Mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynatma. İndiyə qədər çalışdığım yerlərdə heç vaxt belə şey olmayıb, ola da bilməz. Öz düşüncəm var, buna uyğun iş görürəm. Bunu söyüşlə ifadə etmək istərdim, amma qalsın”.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə Bakıda keçirilən oyundan (0:3) sonra mətbuat konfransında heyətini özünün müəyyənləşdirməməsi ilə bağlı söz-söhbətə aydınlıq gətirərkən deyib.

Millimizin baş məşqçisinin konfransda səsləndirdiyi “fikirlərimi söyüşlə ifadə etmək istərdim, amma qalsın” cümləsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu.
De Byazinin təhqir etmək istəyəcəyi ünvan Azərbaycan millisinin azarkeşləri idi. Çünki bu fikirlər onlar tərəfindən səsləndirilib. 

Öncə onu deyək ki, futbol ictimaiyyətində azarkeşlərin zəif oyundan sonra tanınmış oyunçuları, məşqçiləri təhqir və tənqid etmələrinə çox şahid olmuşuq. Təhqir etməyin etik olduğunu demirik. Amma futbol ictimaiyyətində peşəkar insanların belə fikirlərə yox, oyuna kökləndiyini yaxşı bilirik.
 
Bəs, bizim azarkeşlərin Azərbaycan millisinin heyətinə müdaxilələr edilməsi ilə bağlı məşqçini günahlandırmalarının əsası varmı?
Çox kiçik araşdırma etmək kifayət edir ki, belə bir fakta rast gələk. Ötən günlərdə Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov Feysbukda idman jurnalisti Sənan Abdullayevin yazdığı statusun altına şərh yazıb. Şərhdə Elxan Məmmədovla bağlı ciddi ittiham irəli sürüb. Bildirib ki, Qurban Qurbanovun baş məşqçi olduğu dönəmlərdə oyunun əsas heyətini hər zaman AFFA-nın vitse-prezidenti Elxan Məmmədov müəyyənləşdirib. Mahir Şükürovun haqlı və ya haqsız olması başqa mövzudur. Hərçənd biz bu məsələ ilə bağlı qurumdan açıqlama almağa çalışsaq da, buna müvəffəq olmadıq. İllərdir Azərbaycan millisinin şərəfini qoruyan sabiq futbolçumuz bu cür önəmli fikir səsləndirirsə, azarkeşlərin De Byazinin heyətinə müdaxilələr edilməsi ilə bağlı ittihamları başadüşüləndir. Onun azarkeşləri söymək istəməsi isə hiddət doğurandır.
 
Baş məşqçimizin məlum açıqlamasından sonra onunla bağlı federasiya tərəfindən hər hansı bir töhmət və ya cəza tədbirinin olub-olmayacağını dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxladıq. O isə saytımıza açıqlamasında baş məşqçiyə olan təpkiləri anlamadığını dedi: “Sual veriləndə deyildi ki, mətbuatda belə fikirlər var. Məşqçinin fikirlərinə şərh verə bilmərəm. Baş məşqçi “istərdim” dedi, təhqir etmədi. Mətbuata açıqlamasında nə deyibsə, özü bilər”. 

Firuz Abdullanın belə deməsinə rəğmən, sualın orijinal versiyasına bir də göz atdıq. Sual eynən belə səslənib: “Lüksemburqla oyundan sonra sosial şəbəkələrdə müzakirə olundu ki, heyəti qurmaqda işinizə müdaxilə edilir, xüsusən də, “Sumqayıt”ın oyunçuları ilə bağlı məsələdə...”

Sualdan aydın olur ki, söhbət mətbuatdan yox, sosial şəbəkələrdən gedir. Hər birimiz bilirik ki, sosial şəbəkə şəxslərin fərdi düşüncələrinin yer aldığı platformadır. Həmin iddianı isə azarkeşlər deyib. Hətta bunu sosial şəbəkədə müzakirə edən jurnalistlər olsa belə, onlar da azarkeş olaraq fikir bildirirlər. Şəxsi hesablarında oyunun təəssüratını bölüşürlər. Lap elə düşünək ki, AFFA-nın sözçüsü haqlıdır. Bu fikri azarkeşlər yox, mətbuat işıqlandırıb. Azərbaycan millisinin italyan baş məşqçisinin yerli medianı təhqir etmək istəyi doğrudurmu? 

Biz məğlubiyyətlərə öyrəşmişik, “hörmətli” AFFA rəsmiləri. Ancaq ən azından xarici mütəxəssisin öz xalqınızı təhqir etmək fikrinə düşməsinə, bunu bu cür açıq şəkildə səsləndirməsinə imkan verməyin.

Az da olsa ədalət hissiniz varsa, əvvəlcə De Byazini qovun, sonra da özünüzü....