Berlin marafonunda inanılmaz hadisə: finişə çatdı, amma…
İdman
Efiopiyalı Tigst Assefa ağır zədəyə baxmayaraq, Berlin marafonunun qalibi olub. 29 yaşlı idmançı son kilometrlərdə ciddi şəkildə axsayaraq finişə güclə çatıb. Daha sonra məlum olub ki, onun Axilles vətəri tamamilə qopub. Məlumatı idmançının meneceri təsdiqləyib.
News24.az xəbər verir ki, Assefa uzun müddət dünya rekorduna doğru irəliləyib, lakin təxminən 31-ci kilometrdən sonra ağrı hiss edib, 40-cı kilometrdən sonra isə ağrı daha da güclənib. Buna baxmayaraq, atlet yarışı davam etdirərək 2 saat 11 dəqiqə 4 saniyə nəticə ilə birinci olub. Bu, Berlin marafonunun rekordudur və qadınlar marafonu tarixində üçüncü ən yaxşı nəticə hesab olunur.
Finişdən sonra Assefa Berlindən Münxenə aparılıb. İdmançı bu gün əməliyyat olunub. Menecerinin sözlərinə görə, o, ən azı altı həftə qaça bilməyəcək. Yarışlara qayıtması isə altı-yeddi ay çəkə bilər.
Bununla belə, Assefa dünya rekordunu yeniləyə bilməyib. Keniyalı Rut Çepngetiçin 2024-cü ildə Çikaqoda göstərdiyi 2 saat 9 dəqiqə 56 saniyəlik nəticə qüvvədə qalıb. Çepngetiç hazırda antidopinq qaydalarını pozduğu üçün yarışlardan uzaqlaşdırılıb.