"Qarabağ"ın qol həsrəti... - Ardıcıl uğursuzluqların səbəbləri nədir?
İdman
"Qarabağ" son illərdə həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda sabit və uğurlu çıxışı ilə seçilsə də, komanda yeni mövsümə gözlənilən səviyyədə başlaya bilməyib. Ağdam təmsilçisi son üç qarşılaşmada qol vurmaqda çətinlik çəkib, meydandakı oyun isə əvvəlki mövsümlərlə müqayisədə daha sönük təsir bağışlayır.
Yay transfer pəncərəsində heyətdə baş verən dəyişikliklər, uzun illər komandanın oyun sisteminə uyğunlaşmış futbolçuların ayrılması və yeni transferlərin komandaya tam uyğunlaşmaması müzakirə olunan əsas məsələlərdəndir. Digər tərəfdən, komandanın liderlərindən hesab olunan Abdullah Zubir və Marko Yankoviçin də əvvəlki performansını sərgiləyə bilməməsi diqqət çəkir.

Maraqlıdır, bəs "Qarabağ"ın cari mövsümdə istənilən nəticələri əldə edə bilməməsinin əsas səbəbləri nələrdir? Transferlərin adaptasiya prosesi komandanın oyununa nə dərəcədə təsir göstərir?
Məsələni News24.az-a şərh edən futbol üzrə ekspert Emin Abbasov qeyd edib ki, ümumən "Qarabağ"ın son illərdəki çıxışını incələsək, eniş və yüksəlişlərin bir-birini əvəzlədiyini görərik: “Elə son illəri götürək, Avropa Liqasında "Braqa"nı mübarizədən kənarlaşdırdılar, "Bayer" kimi güclü rəqiblə möhtəşəm oyunlar keçirdilər. Amma növbəti mövsüm Avropa Liqasının Liqa mərhələsində 8 oyundan 7-də məğlub oldular. Sonrakı mövsüm isə Çempionlar Liqasında tarix yazdılar. İndi də belə... Görünən odur ki, "Qarabağ"ın həm də sabitliklə bağlı problemləri var. Bunda əsas faktorlardan biri bura gələn futbolçuların qısa zamanda başqa klubların diqqətini çəkib "Qarabağ"dan getməsi və ya belə istəyə düşməsidir.
Təbii prosesdir, bunun qarşısını almaq çətindir. Amma bu da əlavə çətinlikdir. Çünki gedənlərin yerini doldurmaq asan olmur”.

Emin Abbasovun sözlərinə görə, "Qarabağ"ın gözləntiləri qarşılamamasının səbəblərindən biri də yenilərin hələ uyğunlaşmamasıdı: “Lakin tək yenilər yox, komanda ümumən yaxşı görünmür. Kənardan bunun səbəbləri barədə birmənalı fikir söyləmək mənim üçün doğru olmaz. Bilirik ki, Qurban Qurbanov böyük məşqçidir, nəhəng təcrübəsi var. Hər halda daxildə nə baş verdiyini, çatışmazlıqların nədən qaynaqlandığını özü daha yaxşı bilər. Amma kənardan görünən odur ki, bu o "Qarabağ" deyil.
Ayrı-ayrılıqda futbolçuların performansına gəlincə, komandanın oyunu getməyəndə, hamıya öz təsirini göstərir. Zubir tənqid olunur, yaşlanıb. Amma onun yerinə hələ ki daha yaxşısını gətirmək mümkün olmayıb. Hərənin futbola öz baxışı var. Lakin mən düşünmürəm ki, hər şeyin günahkarı Zubir və ya konkret handısa futbolçudur. Çatışmazlıqlar ümumidir” – deyə ekspert bildirib.