"Bu, "Qarabağ" üçün nəticə çıxarılacaq dərsdir" - Ekspert

"Bu, "Qarabağ" üçün nəticə çıxarılacaq dərsdir" - Ekspert İdman

"Qarabağ" futbol komandası bu mövsüm Premyer Liqada 59 xalla "Sabah"dan sonra ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi ilə Masazır təmsilçisi arasında 13 xal fərqi var ki, bu da çempionluq uğrunda mübarizəni xeyli çətinləşdirir.

Nəzərə alsaq ki, "Qarabağ" bu mövsüm eyni zamanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləmişdi, bu isə oyunçuların həm yorğunluğuna, həm də motivasiya düşkünlüyünə səbəb olub.

Hazırda liderliyi Masazır təmsilçisi "Sabah" qoruyur. "Qarabağ" ikinci sırada qərarlaşsa da, Tovuz təmsilçisi ilə arasında cəmi 3 xal fərqi var. Bu isə o deməkdir ki, "Qarabağ" ən azı ikinci yeri qorumaq üçün bütün gücünü ortaya qoymalıdır.

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən futbol eksperti Emin Abbasov bildirib ki, nə qədər qəribə səslənsə də, "Qarabağ" çempionluğu əldən verəcəyi halda belə, tarixinin ən yaxşı mövsümünü keçirir: "Çempionlar Liqası kimi mötəbər turnirdə 24-lükdə olmaq Azərbaycan futbolu üçün böyük nəticədir. Təsəvvür edin ki, "Qarabağ"a rəqib olan "Napoli", "Ayaks", "Atletik" kimi klubların bacarmadığını Qurban Qurbanovun komandası reallaşdırdı. UEFA-dan 60 milyon manatdan çox gəlir qazandılar".

Ekspert həmçinin komandanın daxilində, oyunçular arasında baş verən hadisələrə də münasibət bildirib: "Komandada nə baş verdiyini kənardan baxıb bilmək olmaz. Amma müşahidələrim onu göstərir ki, bir tərəfdən yorğunluq, digər tərəfdən də futbolçuların motivasiyadan düşməsi komandanın oyunlarına öz təsirini göstərdi. Qurban Qurbanov dəfələrlə açıqlamalarında deyib ki, əksər futbolçulara xarici klublardan yaxşı təkliflər var. Buna görə də həmin futbolçuların fikri, niyyəti uzaqlardadır. Söhbət bir-iki futbolçudan getsəydi, dərd yarı idi. Amma əksəriyyətlə bağlı durum eyni olduğu üçün vəziyyəti düzəldə bilmədilər. Bu da "Qarabağ" üçün nəticə çıxarılacaq bir dərsdir. Yəni gələcəkdə belə hallara da hazır olmaq lazımdır".