"Çempionlar Liqasında olmaq təsəvvür belə edə bilmədiyimiz bir hadisədir" - "Sabah"ın baş məşqçisi

"Çempionlar Liqasında olmaq təsəvvür belə edə bilmədiyimiz bir hadisədir" - "Sabah"ın baş məşqçisi İdman

Çempionlar Liqasına vəsiqə qazanmaq təsəvvür belə edə bilmədiyimiz bir hadisədir. Çünki “Sabah” daha əvvəl heç vaxt Konfrans Liqası və Avropa Liqasının əsas mərhələsində oynamayıb. İndi isə qəfildən özümüzü Çempionlar Liqasında görürük.

News24.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “BBC Sport”a müsahibəsində deyib.

Azərbaycan çempionu liqa mərhələsinin ilk turunda sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Komandanın rəqibləri arasında “Arsenal” da var. Vaxtilə hər iki ingilis klubunda təcrübə keçmiş litvalı mütəxəssis İngiltərədə yaşadığı dövrdə bu komandalar arasındakı rəqabətin futbol gündəminin əsas mövzularından biri olduğunu xatırladıb: “Mən İngiltərədə “Mançester Yunayted” və “Arsenal” arasındakı rəqabətin ən yüksək səviyyədə olduğu dövrdə yaşamışam. Ser Aleks Ferqyuson və Arsen Vengerin dövrü idi. Uşaqlarımla “Old Trafford”da çox olmuşan. İndi isə həmin stadiona baş məşqçi kimi qayıdacağam və Çempionlar Liqasının himnini yenidən eşidəcəyəm. Bu, həqiqətən də möhtəşəmdir”.

Rəqiblərlə bağlı fikirlərini bölüşən baş məşqçi püşkün nəticəsinin “Sabah” üçün həm çətin, həm də üçün arzuolunan olduğunu bildirib: “İnsan belə anların – həmin komandalarla oynamağın arzusunda olur. İndi isə bunun öhdəsindən gələ biləcəyimizi göstərmək, mübarizə aparmaq üçün yol tapmaq vaxtıdır. Biz də bunu etməyə çalışacağıq”.

“Yaxşı komandamız var, ambisiyalı kollektivik. Futbolçularımız özlərini göstərmək üçün çox həvəslidirlər”, - deyə Dambrauskas əlavə edib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Unikal)