Dünya çempionu İspaniya millisindən ayrıldı

Dünya çempionu İspaniya millisindən ayrıldı İdman

İspaniya millisinin heyətində dünya çempionu olan Markos Llorente beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, 31 yaşlı “Atletiko Madrid”in müdafiəçisi 2020-ci ildə İspaniya millisində debüt edib və milli komandada 27 oyun keçirib. Llorente İspaniyanın Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq dünya çempionu olduğu turnirdə komandanın heyətində yer alıb. Lakin o, final qarşılaşmasını ehtiyat oyunçular skamyasından izləyib.

Llorente qərarını “Instagram” hesabında paylaşdığı açıqlamada bildirib:

“Başa düşürəm ki, hələ də gəncəm və bəlkə də yaxşı çıxış etməyə davam etsəm, bu forma ilə oynamaq üçün qarşıda hələ illərim ola bilər.

Bilirəm ki, bir çoxunuz bunu başa düşməyəcəksiniz. Əslində, kənardan baxsaydım, yəqin ki, mən də bunu anlamazdım. Amma bu, şəxsi qərarımdır. Bu barədə çox diqqətlə düşünmüşəm və hər şeydən əvvəl, bu qərar ürəyimdən gəlir”.

Keçmiş “Real Madrid” futbolçusu komanda yoldaşlarına təşəkkür edib və İspaniyanın dünya çempionluğuna gedən yolunu xatırladıb.

“Yaşadığım bütün anları böyük sevgi ilə xatırlayacağam. Amma hər şeydən əvvəl, bu son 52 günü. İspaniyanı zirvəyə daşımaq üçün sonadək mübarizə aparan möhtəşəm bir qrupla birlikdə keçirdiyim günləri.

Və onlar bunu bacardılar”, – Llorente qeyd edib.