Edqaras Yankauskas: "Azərbaycan millisi ilə oyunda heç-heçə bizə kifayət etməyəcək"
İdman
Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək.
News24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq".
O, Andorra ilə görüşdə bəzi əsas futbolçulara istirahət verməsinə münasibət bildirib:
"Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər".
Baş məşqçi Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçə etməsinə də toxunub:
"Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir".
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək./report.az