FIFA-dan Dünya Çempionatında iranlı azarkeşlərə qadağa
İdman
2026-cı il FIFA Dünya Çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
News24.az xəbər verir ki, İran milli futbol komandasının ABŞ-də keçirəcəyi oyunlar və tribunalarda istifadə olunacaq simvollar müzakirə mövzusuna çevrilib.
“The Athletic” nəşrinin yaydığı məlumata görə, FIFA iranlı azarkeşlərin stadionlara 1979-cu il İslam İnqilabından əvvəl istifadə olunan “şir və günəş” emblemli İran bayraqları ilə daxil olmasına icazə verməyəcək.
Həmin bayraq hazırkı İran hakimiyyəti tərəfindən tanınmasa da, xüsusilə xaricdə yaşayan bir çox iranlı üçün müxalifət simvolu hesab olunur.
Bildirilib ki, qərarın arxasında İran Futbol Federasiyasının FIFA-ya etdiyi müraciətlər dayanır.
İran rəsmiləri milli komandanın oyunlarında inqilabdan əvvəlki bayraqların qadağan edilməsini istəyib.
FIFA qaydalarına əsasən isə azarkeşlərə üzv federasiyaların hazırkı rəsmi milli bayraqlarından istifadə etməyə icazə verilir.
Qərarın ən çox mübahisə yaradacağı yerlərdən birinin Los-Anceles olacağı gözlənilir. Çünki İran qrup mərhələsində oyunlarını ABŞ-də keçirəcək və Los-Anceles ətrafında “Tehrangeles” kimi tanınan böyük İran diasporu yaşayır.
Məlumata görə, FIFA qadağanı stadion davranış qaydalarında yer alan “siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli mesajların” qarşısının alınması ilə əsaslandırır.
Bununla belə, qərarın praktikada necə tətbiq olunacağı hələ dəqiq deyil. ABŞ-də ifadə azadlığı ilə bağlı qanunlar səbəbindən bu məsələnin hüquqi və təhlükəsizlik baxımından ciddi müzakirələr yaradacağı bildirilir.
“Reuters” agentliyinin məlumatına görə, FIFA rəsmiləri və İran Futbol Federasiyasının nümayəndələri İstanbulda görüşərək turnirlə bağlı təşkilati məsələləri müzakirə ediblər. İran tərəfi oyunların ABŞ əvəzinə Meksikada keçirilməsini istəsə də, FIFA prezidenti Canni İnfantino matçların əvvəlcədən planlaşdırılmış stadionlarda baş tutmasında israr edir.
Müzakirələrin digər tərəfi isə “ikili standart” ittihamlarıdır. Xəbərdə qeyd olunur ki, FIFA Fələstin bayraqlarına icazə verəcək, çünki Fələstin FIFA tərəfindən tanınan üzv federasiyanı təmsil edir.
İranın inqilabdan əvvəlki bayrağı isə rəsmi milli simvol hesab edilmədiyi üçün qadağa siyahısına daxil ediləcək.