FIFA-nın sildirdiyi paylaşımlar: “İnsan əxlaqına sığmayan bir haldır”
İdman
“Əvvəlcə müəyyənləşdirməlidir ki, silinən məzmunlar nələrdir. Yəqin ki, belə məzmunların əksəriyyəti irqçi paylaşımlarla bağlıdır”.
News24.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a idman yazarı Natiq Muxtarlı bildirib.
O, FIFA-nın qəraraı ilə sosial şəbəkələrdə yayılan 3,8 milyondan çox paylaşımı yoxlaması və təxminən 388 mininin zərərli məzmun kimi sildirməsi faktını şərh edib:
“Məsələn, Fransa və İspaniya kimi müəyyən ölkələrin azarkeşləri arasında irqçiliklə bağlı fikirlər yayanlar var. FİFA əvvəlcədən qərar qəbul edib ki, irqçiliyə qarşı mübarizə müstəvisində kəsərli tədbirlər görülsün. Bu addıma görə FIFA-nı alqışlayıram. İrqçilik insan əxlaqına sığmayan bir haldır”, - deyə N. Muxtarlı vurğulayıb.
Onun sözlərinə görə, DÇ-də bəzən hansısa futbolçu sadəcə zəif çıxış etdiyi üçün təhqirlərə məruz qalır:
“Azərbaycanda da sosial media hesablarında insanlar heç bir əsas olmadan bir-birinə qarşı təhqiramiz ifadələr işlədirlər. Məsələn, hansısa futbolçu sadəcə zəif çıxış etdiyi üçün təhqirlərə məruz qalır. Təəssüf ki, bunun effektiv mübarizə üsulu hələ ki yoxdur. Yeganə çarə məhkəməyə müraciət etməkdir və bu proses uzun sürən çəkişmələrinə səbəb olur. Hazırda bütün dünya sosial mediadakı bu növ problemlərə çıxış yolu axtarır”.
Digər tərəfdən, belə irimiqyaslı turnirlər zamanı kiberdələduzlar da öz fəaliyyətlərini genişləndirirlər. Onlar FİFA-nın hər hansı bir rəsmi səhifəsini də ələ keçirə bilərlər. İdman yarışları ərəfəsində kiberdələduzluğun miqyası o qədər böyüyür ki, onlar öz planlarını həyata keçirmək üçün çox şaxəli üsullara əl atırlar. Onlara qarşı təhlükəsizlik tədbirləri nə qədər gücləndirilirsə, fəaliyyət çərçivələrini genişləndirir, bir növ, təkmilləşirlər. Onların əsas marağı maliyyədir, yəni pul qazanmaqdır”.
N.Muxtarlı qüyd edib ki, hətta bilet satışında da belə hallara tez-tez rast gəlinir:
“Kiberdələduzların müdaxiləsi daha çox saxta biletlərin hazırlanması və satılması istiqamətində olur. Təsadüfi deyil ki, böyük oyunlarda əlində həqiqi bilet olan bəzi şəxslər kənarda qaldığı halda, saxta bilet sahibləri stadiona daxil ola bilmişdilər. Bunun ən bariz nümunəsi 2019-cu ildə İspaniyada keçirilən "Liverpul" – "Tottenhem" finalında yaşandı. Bu, birbaşa kiberdələduzluqdur. FİFA kimi təhlükəsizlik tədbirlərinə xüsusi önəm verən bir qurum belə, o zaman bu halın qarşısını ala bilməmişdi”.