Final biletləri 30 min dollara qədər yüksəldi
İdman
2026-cı il futbol üzrə dünya çempionatının biletlərinin qiymətləri rekord həddə çatıb. FIFA tarixində ilk dəfə bu turnirdə dinamik qiymət sistemi tətbiq olunur. Aviaşirkətlər və hotel sektorunda geniş istifadə edilən bu modelə əsasən, biletlərin qiyməti tələbə uyğun olaraq real vaxt rejimində dəyişir və bu da bəzi kateqoriyalarda qiymətlərin kəskin artmasına səbəb olub.
News24.az xəbər verir ki, yeni sistem nəticəsində 2026-cı il dünya çempionatının biletlərində kəskin qiymət artımı müşahidə olunur.
Qrup mərhələsinin ən ucuz biletlərinin qiyməti təxminən 300 ABŞ dolları təşkil edir. Final oyununun rəsmi biletləri isə 11 min dolları ötüb və bəzi hallarda 30 min dollara qədər yüksəlib.
Rəsmi satışla yanaşı, biletlərin ikinci satışı (yenidən satışı) da müşahidə olunur. Bu zaman rəsmi şəkildə alınmış biletin sonradan başqa bir şəxsə, adətən daha baha qiymətə satılması nəzərdə tutulur. Məlumatlara görə, bəzi biletlər bir yer üçün 2,3 milyon ABŞ dollarına təklif olunub. Ekspertlər hesab edirlər ki, bu göstəricilər artıq, sadəcə, qiymət artımı deyil, futbol üzrə ən böyük turnirə çıxış fəlsəfəsinin köklü şəkildə dəyişdiyini nümayiş etdirir.
Mütəxəssislərin fikrincə, baş verənlər yalnız yüksək tələbatla izah olunmur, həm də FIFA-nın turnirin idarə edilməsində gəlirlərin maksimum artırılmasına yönəlmiş yeni strategiyasının bir hissəsidir.
Qurum, eyni zamanda, biletlərin rəsmi yenidən satışını təmin edən platforma istifadəyə verib. Bu platforma vasitəsilə həm satıcıdan, həm də alıcıdan komissiya haqqı tutulur ki, bu da dünya çempionatının kommersiya xarakterini daha da gücləndirir.
Bazar müqayisələrinə əsasən, 2026-cı il dünya çempionatının orta bilet qiymətləri əvvəlki beş mundialın orta göstəricisindən təxminən altı dəfə yüksəkdir.
Müşahidəçilər bildirirlər ki, bu tendensiya dünya çempionatının artıq təkcə idman yarışı deyil, həm də böyük gəlirlərə əsaslanan qlobal əyləncə sənayesinə çevrildiyini göstərir. (Unikal)