"Hər şey üçün təşəkkür edirəm, Qarabağ!" - Koxalskidən VİDA PAYLAŞIMI
İdman
Mateuş Koxalski “Qarabağ”dan ayrılması ilə bağlı sosial media hesabında paylaşım edib.
News24.az xəbər verir ki, polşalı qapıçının paylaşımında diqqət çəkən məqam fikirlərini Azərbaycan dilində ifadə etməsi olub.
Koxalski “Qarabağ”ın ona xaricdə ilk karyera fürsətini verdiyini bildirib. O, Ağdam klubunda keçirdiyi müddətə görə təşəkkürünü ifadə edib və komandadan ayrılmağını belə ifadə edib:
""Qarabağ" mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram.
Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam.
İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram.
Hər şey üçün təşəkkür edirəm, Qarabağ!"
Qeyd edək ki, 2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "top-3"də qərarlaşıb.