Huşunu itirən Eriksendən ilk AÇIQLAMA
İdman
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirməsi ilə bağlı yaranmış vəziyyətdən sonra açıqlama verib.
News24.az xəbər verir ki, Eriksen sosial şəbəkə hesablarında paylaşdığı bəyanatda özünü yaxşı hiss etdiyini bildirib.
"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. İmplantasiya edilə bilən kardioverter-defibrilyatorun elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi sarsıntı oldu. Hər kəsi sakitləşdirmək istəyirəm: son vəziyyət 2021-ci ildə baş verənlərdən fərqli idi. Özümü əla hiss edirəm və bərpa prosesim artıq başlayıb.
Meydandakı bütün oyunçulara və tibb heyətinə göstərdikləri dəstək və köməyə görə səmimi təşəkkür edirəm. Eyni zamanda, uzun illərdir mənim və ürəyimin qayğısına qalan həkimlərə sonsuz minnətdaram. Onların peşəkarlığı sayəsində implantasiya edilə bilən kardioverter-defibrilyator lazımi anda məni qorudu.
Hazırda tam bərpa olunmağa, ailəmlə vaxt keçirməyə, qarşıdakı məzuniyyətə və uşaqlarımla futbol oynamağa köklənmişəm", - deyə Eriksen sosial şəbəkədə yazıb.
Xatırladaq ki, 2021-ci ilin iyununda Avropa çempionatı çərçivəsində Danimarka və Finlandiya milliləri arasında keçirilən oyun zamanı Kristian Eriksenin ürəyi dayanmışdı. Həmin hadisədən sonra futbolçuya kardiostimulyator yerləşdirilmişdi. (Oxu.az)