“Şişirtməyə ehtiyac yoxdur” – Arif Əsədov “Turan Tovuz” – “Fənərbağça” oyunundakı gərginlikdən danışdı

“Şişirtməyə ehtiyac yoxdur” – Arif Əsədov “Turan Tovuz” – “Fənərbağça” oyunundakı gərginlikdən danışdı İdman

Turan Tovuz”la “Fənərbağça” arasında keçirilən yoxlama oyunu gözlənilməz gərginliklə yadda qaldı. Qarşılaşma dostluq oyunu kimi keçirilsə də, matç zamanı futbolçular arasında yaşanan mübahisələr və “Fənərbağça” oyunçularının sərt davranışları diqqət çəkdi. Xüsusilə bir futbolçunun qırmızı vərəqə almasına baxmayaraq, komandanın yenidən 11 nəfərlə oyunu davam etdirməsi müzakirələrə səbəb oldu.

Maraqlıdır, dostluq görüşündə yaşanan bu gərginliyi necə qiymətləndirmək olar?

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov qeyd edib ki, illər öncə “Turan Tovuz” və “Fənərbağça” ilk dəfə beynəlxalq səviyyədə, yəni klublararası oyunda qarşılaşmışdılar: “Uzun illər keçdikdən sonra bu görüşün yenidən keçirilməsi çox önəmli idi.

Ən əsası isə meydanda bir bayram ab-havası var idi. Azarkeşlərin stadiondakı coşğusu, gözəl atmosfer diqqət çəkirdi.

Oyunun özünə gəldikdə isə, baxmayaraq ki, bu, yoldaşlıq oyunu idi, meydanda futbolçuların davranışında əzmkarlıq, istək və ən əsası peşəkarlıq var idi. Görünürdü ki, hər iki komanda bu oyuna ciddi yanaşır”.

Sabiq məşqçi futbolda belə hallar olduğunu xüsusi ilə bildirib: “Bu, ilk dəfə deyil və belə vəziyyətlərə müxtəlif oyunlarda rast gəlinir. Ən əsası odur ki, futbolçu qırmızı vərəqə aldı. Lakin bəzən yoldaşlıq görüşlərində komandaların hazırlıq prosesi nəzərə alınaraq, oyunun tam heyətlə davam etdirilməsi ilə bağlı qərar iki klub arasındakı razılaşmadan asılı olur.

Məncə, bunun şişirdilməsinə ehtiyac yoxdur. Türkiyə bizim qardaş ölkəmizdir, bu, qardaş ölkənin komandasıdır. Bu oyunun təşkil olunmasında əsas amillərdən biri də məhz budur”.