İTV DÇ-nin 92 oyununu yayımlayacaq
İdman
Bu gün başlayacaq futbol üzrə FIFA Dünya Çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.
News24.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləyə bilməsi üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun CBC Sport-da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.
Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin YouTube kanalında canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İctimai TV-nin rəsmi YouTube kanalında canlı təqdim olunacaq.
İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.
Azarkeşlər hər gün saat 12:30-da “FİFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qolları və icmalları İTV-nin YouTube kanalında da təqdim olunacaq.
Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.
Qarşılaşmaların şərhinə İctimai TV-nin və CBC Sport-un şərhçiləri cəlb olunacaq.
Yeri gəlmişkən, əldə olunmuş razılığa görə, çempionatın oyunları İctimai Radioda da yayımlanacaq. İctimai Radio Azərbaycanda futbol üzrə FIFA Dünya Çempionatının yeganə radio yayımçısı olacaq.
Əziz futbolsevərlər, bizə sarı gəlin!