Məğlubiyyətdən sonra istefa etdi
İdman
“Trabzonspor” UEFA Avropa Liqasında “Ferentsvaroş”a böyük hesabla məğlub olduqdan sonra baş məşqçi Fatih Tekkenin istefa verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, Tekkeə bu yolla özünü cəzalandırmaq istədiyini bildirib.
Lakin klub rəhbərliyi Tekkənin istefasını qəbul etməyib.
“Qırmızı vərəqəyə qədər matç bizim üçün yaxşı gedirdi. Nəticədə Avropa Liqasına vəsiqə qazana bilmədik. Artıq 18 aydır ki, komandamla gecə-gündüz necə daha yaxşı ola biləcəyimizi düşünürük. Komanda daha da yaxşı olacaq, buna əminəm. Uzun danışmayacağam. Bu andan etibarən 18 aydır tutduğum vəzifədən istefa verirəm. Heç olmasa, özümü cəzalandırmağıma icazə verin”, - deyə o bildirib.
O, məğuliyyətin qəbuledilməz olduğunu vurğulayıb: “Bəzi oyunlar var ki, dərin yaralar açır. Biz də belə oyunlardan birini yaşadıq. Taleyin qarşısından qaçmaq mümkün deyil. Biz çox dəyərli iş görmüşdük, amma istefa verdim. Çünki oyunçularıma deyirdim: məğlubiyyətlər mənim, qələbələr isə oyunçuların hesabına yazılır. Bugünkü məğlubiyyət qəbuledilməzdir. Bəxtsizliklə barışmaq olar, amma mən bunu qəbul edə bilmirəm. Mən belə yata bilmərəm. Qoy hamı məni bağışlasın. Əlimizdən gələni etdik. Bəzən bir səhv belə nəticələrə gətirib çıxarır. Daha nə etmək olar? Bu gündən etibarən mən yoxduram. Qoy hamı məni bağışlasın. Mənim tərəfimdən hər kəs bağışlanıb”.
Fatih Tekkenin açıqlamasına baxmayaraq, “Trabzonspor” İdarə Heyəti baş məşqçi Fatih Tekkənin istefasını qəbul etməyib.
Bildirilib ki, Fatih Tekke baş məşqçi vəzifəsini icra etməyə davam edəcək və komandanı çempionatın “Amedspor”a qarşı oyununda meydana çıxaracaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstan təmsilçisi “Ferentsvaroş” və “Trabzonspor” qarşılaşıb. “Qrupama Arena”da keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.