Millimizin AÇ üçün heyəti açıqlandı
İdman
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
News24.az xəbər verir ki, yekun heyətə 18 oyunçu daxil edilib.
Baş məşqçi Elşad Quliyev turnirdə aşağıdakı futbolçulara güvənəcək:
Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.
Yığmamızın çalışdırıcısı həmçinin hazırlıq və qitə çempionatı barədə danışıb: “Təlim-məşq toplanışı yaxşı alınıb. Komanda hazır vəziyyətdədir. Hər şey qaydasındadır. İstədiyimiz kimi hazırlaşmışıq. Təmkin Xəlilzadənin zədəsi var, son məşqlərə qatıla bilməyib. Elvin Əlizadə də eyni durumdur. Onların yerinin görünəcəyinə inanmıram. Qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. İlk məqsədimiz budur. Dünya reytinqində birinciyik. Rəqiblər bizə çətinlik yarada bilərlər. İnanıram ki, yaxşı nəticə qazana biləcəyik. Arxayınlıq yoxdur. Heyətdə bəzi dəyişikliklər olub. Hər yarışa "doymuş" şəkildə getmək istəmirik”.
Azərbaycan millisinin qapıçısı Vəli Qafarov turnirdən söz açıb: “Ölkə çempionatı bitən kimi turnirin hazırlığına start verdik. Yoldaşlıq oyunları keçirdik, turnirə qatıldıq. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də özümüzü rəqiblərə qarşı fərqli hazırlamışıq. Ümid edirəm ki, qızıl medal qazanacağıq. Ölkəmizdəki dünya çempionatından sonra hər kollektiv güclənib. İtaliya və Fransa seçmələri xeyli artırıblar. Avropa ölkələri olduğu üçün hamısından təhlükə gözləyirik”
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.