"Millinin əsas problemi keyfiyyətli oyun göstərə bilməməsidir"
İdman
Azərbaycan futbol yığmasının ötən gün Lixtenşteyn millisi ilə qarşılaşması heç-heçə başa çatdı.
Hərçənd rəqib komandanın baş məşqçisi bu qarşılaşmadan əvvəl komandasının zəif olduğunu etiraf etmişdi. Bu səbəbdən azarkeşlərin oyundan gözləntisi yüksək idi. Di gəl, nəticə sıfır oldu.
Gözləntinin yüksək olmasının bir səbəbi də Ayxan Abbasov baş məşqçi təyin olunduqdan sonra komandada ciddi irəliləyişin olacağına bəslənən ümidlər idi.
Lakin nəticələr bunu göstərmir.
Maraqlıdır, bəs oyunda fərqlənə bilməməyimizin səbəbi nədir?
Məsələ ilə bağlı News24.az-a danışan futbol üzrə ekspret Kənan Məstəliyev qeyd edib ki, Azərbaycan milli komandasının problemi məşqçi seçimi deyil: “Bizim milli komandasında illər ərzində tanınmış, kifayət qədər təcrübəli məşqçilər çalışıblar. Xarici məşqçilər də az olmayıb. Yəni burada məsələ məşqçi deyil.
Məsələ bizim futbolumuzun keyfiyyətidir. Ayxan Abbasovun yerində hansısa başqa məşqçi də olsaydı, ən yaxşı halda bir oyunda qələbə qazana bilərdi. Amma yenə də nəticə sıfır olacaqdı, yəni hansısa turnirdə əldə olunan nəticə fundamental olaraq heç nəyi dəyişmir. Deməyim odur ki, burada məsələ təkcə Ayxan Abbasov deyil. Bəli, yerli məşqçi nəticə qazanmayıb. Uğursuzluq davam edəcəksə, yolu dəyişmək olar. Amma onun yerinə xarici məşqçi gətirməklə də heç nə dəyişməyəcək”.
Ekspert vurğulayıb ki, əsas məsələ futbolçularımızın oyun keyfiyyətinin aşağı olmasıdır: “Bir-birinə düzgün ötürmə edə, pas verə bilmirlər. Qapıya zərbə endirə bacarmırlar, cərimə meydançasına daxil ola, adi kombinasiyalar qura bilmirlər. Yəni keyfiyyətli oyun göstərmək baxımından çox aşağı səviyyədəyik.
Biz bu futbolçularla nəyəsə ümid edə bilmərik. Qeyd etdiyim kimi, yeni baş məşqçinin və ya xarici məşqçinin gəlməsi ilə vəziyyət dəyişməyəcək. Fundamental problemlər həll olunmalıdır”.
Mütəxəssis ölkənin futbol infrastrukturundakı bəzi problemlərin həll edilməli olduğunu da qeyd edib: “Uşaq futbol infrastrukturu dağınıq vəziyyətdədir. Regionlarda futbol, meydançalar, stadionlar, demək olar ki, yoxdur. Yaxşı kadrlar yetişdirə bilmirik. Uşaq futbolundakı ciddi problemləri həll edə bilmirik. Bunları həll etməmiş milli komandadan uğur gözləmək olmaz.
Klublarımız, məsələn, “Qarabağ” və “Sabah”, avrokuboklarda uğur qazana bilirlər. Çünki həmin komandalarda yerli futbolçularla yanaşı, daha keyfiyyətli legionerlər də oynayırlar. Onların səviyyəsi bizim futbolçularla müqayisədə daha yüksəkdir və onlar kritik vəziyyətlərdə komandanı uğura daşıya bilirlər. Amma sırf azərbaycanlı futbolçulardan təşkil olunmuş komandadan hansısa uğur gözləyiriksə, bu işi kökündən həll etməliyik. Əgər bu işə sıfırdan başlayıb problemləri həll etməsək, milli komandadan uğur gözləməyə dəyməz”.