“Neftçi”nin uduzacağını deyən dostunu döydü, cinayət işi açıldı

“Neftçi”nin uduzacağını deyən dostunu döydü, cinayət işi açıldı İdman

Bakının Nizami Rayonu Məhkəməsində sağlamlığa yüngül zərər vurma ilə bağlı başladılan cinayət işinə baxılarkən maraqlı detallar üzə çıxıb.

News24.az xəbər verir ki, İsa Maqsudovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən 1991-ci il təvəllüdlü şəxs öz dostunu döyməkdə ittiham olunub.

Təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən, o, “Neftçi” futbol komandasının oyununa baxmaq üçün dostu ilə birlikdə Nizami rayon ərazisində yerləşən “Palms Sports Arena” yollanıblar.

Onlar piyada hərəkət edərkən, dostu təqsirləndirilən şəxsə “Neftçi”nin məğlub olacağını deyib. Təqsirləndirilən Fazil Büsatov (ad-soyad şərtidir) isə ona bu proqnozuna görə irad bildirib. Nəticədə yaranan mübahisə zamanı Fazil dostunun sifət nahiyəsinə yumruqla zərbə endirib, ona gözətrafı nahiyəsinin hematoması ilə müşayiət olunan xəsarət yetirib.

Dostlar bu hadisədən sonra barışıb, bu səbəbdən Fazil Büsatov cinayət məsuliyyətindən azad olunmaqla, icraata xitam verilib.

Qeyd edək ki, yeni mövsümdə “Neftçi” sözügedən arenada cəmi bir matç keçirib, bu da UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) ilə oyuna təsadüf edib. Həmin oyunda Bakı təmsilçisi rəqibinə 2:4 hesabı ilə uduzmuşdu. (Xitab24.az)