"Nəinki insident, narazılıq belə yoxdur" - "Sumqayıt" FK-nın rəsmisi

"Nəinki insident, narazılıq belə yoxdur" - "Sumqayıt" FK-nın rəsmisi İdman

“Sumqayıt”ın baş məşqçisi Saşa İliçlə komandanın oyunçuları arasında ciddi problemlərin yarandığı haqda məlumat yayılıb.

Bildirilib ki, serb mütəxəssislə komandanın oyunçusu Danilo Beskorovayn arasında insident yaşanıb. Onlar əlbəyaxa dalaşıblar.

Eləcə də, məşqçi ilə yarımmüdafiəçi Səbuhi Abdullazadə arasında gərginlik var.

Hətta məşqçi Abdullazadə ilə bağlı narazılığını mətbuat konfransında açıq şəkildə dilə gətirib.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən komandanın mətbuat katibi Zaur Xudiyev məlumatı təkzib edib. Bildirib ki, baş məşqçi ilə Beskorovayn arasında heç bir insident yaşanmayıb:

“Nəinki əlbəyaxa dava, heç narazılıq belə olmayıb. Yalan söhbətdir, məlumatlar əsassızdır".

Zaur Xudiyev Səbuhi Abdullazadə ilə məşqçi arasındakı münasibətə də aydınlıq gətirib:

"Baş məşqçi ilə Səbuhi arasında gərginlik yoxdur. Sadəcə, o. Futbolçuya irad bildirib. Çünki Səbuhi Abdullazadə Saşa İliçin dediyini dinləmir. Amma bu irad təkcə Abdullazadəyə deyilmir. Məşqçinin sözünü dinləməyən hər bir oyunçuya belə xəbərdarlıq edilə bilər. Bu gün Səbuhi Abdullazadəyə deyilir, sabah belə davranan digər oyunçuya irad bildirilə bilər”

Xatırladaq ki, Danilo Beskorovaynın “Sabah”la oyundan sonra çalışdırıcı ilə əlbəyaxa olduğu və qarşılıqlı ittihamlardan sonra tərəflərin sakitləşdirildiyi qeyd edilib.