"Oyuna tam istədiyimiz kimi hazırlaşmışıq" - Qurbanov

"Oyuna tam istədiyimiz kimi hazırlaşmışıq" - Qurbanov İdman

"Oyuna tam istədiyimiz kimi hazırlaşmışıq. Çox vacib komandaya qarşı oynayacağıq. İnanıram ki, yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Dinamo Kiyev" – "Qarabağ" oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, heyətdə müəyyən dəyişikliklər gözlənilsə də, yekun qərar hələ verilməyib.

"Heyətdə dəyişikliklər olacaq, lakin hələlik qərar verilməyib. Hər zaman məni narahat edən öz komandamız olub. Bu gün də bəzi narahatlıqlarımız var. Sofiyada keçirilən cavab oyunundan sonra zədələnən futbolçular oldu. Buna görə də heç kim məşq proqramını tam yerinə yetirə bilmədi", – deyə Qurbanov vurğulayıb.

Baş məşqçi Sofiyadakı oyunu da dəyərləndirib:

"İnsan da, kollektiv də hər zaman eyni nəticəni göstərə bilmir. Biz Sofiyada qalib gəlmədik, amma məğlub da olmadıq. Cavab oyununda komandamın çıxışından olduqca razı qaldım".

Qurbanov vaxtilə "Dinamo Kiyev"in azarkeşi olduğunu da xatırladıb:

"Vaxtilə "Dinamo Kiyev"ə azarkeşlik edirdim. İndi isə komandamda öz ölkəsinə qarşı oynayacaq futbolçular var. Düşünürəm ki, bu idmandır və hər şey qaydasında olacaq".

O, Ukrayna təmsilçisinin mövcud vəziyyətinə də toxunub:

"'Dinamo Kiyev"ə ölkəsindəki vəziyyətin təsiri mütləq var. Onların öz stadionunda oynaması bizim üçün də yaxşı olardı. Çünki həmin oyunda bizi də xeyli azərbaycanlı azarkeş dəstəkləyəcəkdi".