"Oyunda ucuz top itkilərinə yol verdik" - "Sabah"ın baş məşqçisi
İdman
"Mən hər iki komandanı bu gün göstərdikləri oyuna görə təbrik etmək istəyirəm. Bugünkü "Qarabağ" və "Sabah" oyunu bir daha sübut etdi ki, azarkeşlər oyundan böyük zövq aldılar".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşmasından sonra keçirilən mətbuat konfransı zamanı "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Onun sözlərinə görə, iki həftəlik fasilədən sonra oyun asan olmadı, əksinə, olduqca çətin keçdi: "Qol buraxdıqdan sonra komandamızın reaksiyası möhtəşəm idi. İkinci hissənin ortalarından etibarən meydanda ən yaxşı oynayan tərəf biz idik.
Hazırkı 2:2 hesabı cavab oyununda müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, bu oyunu artıq geridə qoyub çempionata köklənməliyik.
Birinci hissədə hesabda önə keçsək də, sonradan bu üstünlüyü qoruya bilmədik. Qarabağ həqiqətən çox yaxşı oyun nümayiş etdirdi. Oyunda həddindən artıq ucuz top itkilərinə yol verdik. Əvvəlki oyunlarda qurduğumuz əlaqəni bu dəfə tam şəkildə həyata keçirə bilmədik və təşəbbüsü demək olar ki, rəqibə vermişdik.
Komandadakı dəyişikliklərdən sonra isə ikinci hissədə daha yaxşı və daha inamlı oynaya bildik".