Qurban Qurbanov Koxalski barədə tənqidlərə reaksiya verdi
İdman
"Şahrudinin "Zirə"yə keçməsi ilə bağlı məlumatım yoxdur".
News24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Dinamo Kiyev" – "Qarabağ" oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi Azərbaycan klublarının avrokuboklardakı çıxışını da dəyərləndirib:
"Əfsuslar olsun ki, digər komandalarımız avrokuboklarla vidalaşdı. Ancaq əvvəlki illərlə müqayisədə klublarımız indiyədək bu qədər inamlı çıxış etməmişdi. Ola bilsin ki, daha geniş heyət formalaşdırılmalıdır, daha da güclənmək lazımdır. Futbolçular özlərini meydanda olduqca inamlı göstərirdilər".
O, Azərbaycan futbolunun inkişaf etdiyini vurğulayıb:
"Bütün futbolçular Avropa oyunlarında çıxış etmək istəyirlər. Klublarımız da böyüyür, istər rəhbərlik, istərsə də məşqçi heyəti baxımından inkişaf edirlər. İnanıram ki, qarşıdakı illərdə nəticələr daha yaxşı olacaq".
Qurbanov qapıçı Mateuş Koxalski barədə səslənən tənqidlərə də münasibət bildirib:
"Koxalski ilk növbədə elə oynamalı idi ki, biz tənqid edilməyək. Lakin oyundan sonra onunla danışdım və hazırda vəziyyəti normaldır. Məğlub oluruqsa, deməli, nəyisə düz etməmişik. Koxalskinin hazırkı durumu yaxşıdır. Böyümək üçün tənqidləri qəbul etməliyik".
Təcrübəli mütəxəssis "Sabah"a da uğurlar arzulayıb:
"'Sabah"a bugünkü oyununda uğurlar arzulayıram. Onlar ölkə çempionluğu uğrunda iddialı komandadır. Həm çempionata hazırlaşmaq üçün daha çox vaxtları olub, həm də heyəti gücləndiriblər".
Qurbanov yeni mövsümdə Azərbaycan Premyer Liqasında rəqabətin daha gərgin keçəcəyini də qeyd edib:
"Çempionlar Liqası tamamilə fərqli turnirdir. Hər oyun komandaya daha çox təcrübə qazandırır. "Sabah"da bu baxımdan meydanda rahat və sərbəst oynayır. Məncə, bu il ölkə çempionluğu uğrunda mübarizə daha çətin və gərgin keçəcək".