Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”
İdman
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi müəyyənləşib.
News24.az xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirərək İslandiyanın "Vestri" komandası ilə qarşılaşma barədə fikirlərini bölüşüb.
O, rəqibə qarşı son dərəcə ciddi yanaşmalı olduqlarını bildirib:
“Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır. Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. “Vestri” barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat toplayacaq və ciddi hazırlaşacağıq”.
Baş məşqçi çıxışının sonunda avrokuboklarda ölkəmizi təmsil edəcək digər klublara da uğurlar arzulayıb.
“Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah”a, Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Neftçi”yə uğurlar arzulayırıq”, – deyə o əlavə edib.