“Real Madrid”də böyük dəyişiklik: İxtisarlar var
İdman
Uğursuz mövsümlə barışmalı olan "Real Madrid" rəhbərliyi heyətdə köklü dəyişikliklər etməyə hazırlaşır.
News24.az xəbər verir ki, komandanın UEFA Çempionlar Liqası ilə vaxtından əvvəl vidalaşması və La Liqada çempionluq yarışında "Barselona"dan geri qalması klub rəhbərliyini kəskin addımlar atmağa sövq edib. Yeni mövsüm üçün hazırlanan genişmiqyaslı yenidənqurma planı çərçivəsində bir neçə əsas oyunçu ilə yolların ayrılması nəzərdə tutulur.
Gənc yarımmüdafiəçi Franko Mastantuononun komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Hazırda "Komo"da çıxış edən Niko Pazın geri dönmə ehtimalı və klubun onu əsas seçim kimi görməsi Mastantuononun planlarını dəyişib. Oyun təcrübəsinin azlığı və mövqeyindəki yüksək rəqabət səbəbindən argentinalı gənc istedadın icarəyə göndərilməsi gözlənilir. Eyni zamanda, digər gənc oyunçu Qonsalo Qarsiyanın da təcrübə toplaması üçün başqa kluba icarəyə verilməsi gündəmdədir.
Klubun müdafiə xəttinin aparıcı üzvləri David Alaba, Dani Karvaxal və Antonio Rüdigerin müqavilə müddətləri başa çatmaq üzrədir. Mövcud məlumata görə, rəhbərlik yalnız Rüdigerlə əməkdaşlığı davam etdirməyə meyillidir. Digər iki ulduz müdafiəçi ilə bağlı hələlik qəti qərar verilməyib.
"Kral klubu" Dani Sebalyos, Fran Qarsiya və hazırda başqa klublarda çıxış edən bəzi köhnə oyunçuların transfer hüquqları ilə bağlı yeni təklifləri dəyərləndirir. Hücum xəttində isə əsas diqqət gənc ulduz Endrikə yönəlib. Onun yeni mövsümdə rotasiyada daha önəmli rol alacağı və hücum potensialını gücləndirəcəyi gözlənilir.
Beləliklə, "Real Madrid" növbəti mövsümdə həm heyəti gəncləşdirmək, həm də itirilmiş mövqelərini bərpa etmək üçün transfer bazarında aktiv rol oynayacaq.