Rəvan Həmzəzadəyə sərt ittihamlar: "Səhv qərarlar verdi, futbolçuların reaksiyası başadüşüləndir"
İdman
Dünən futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Sabah" - "Qarabağ" matçında gərgin anlar yaşanıb.
Buna səbəb oyundakı sonuncu epizod olub. Baş hakim Rəvan Həmzəzadənin penalti qərarı verməməsinə görə “Qarabağ”ın bəzi oyunçuları kobud davranış sərgiləyib.
Bu səbəbdən oyunun 35-ci dəqiqəsində qapıçı Mateuş Koxalski qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qarşılaşmanın final fiti səslənəndə isə Marko Yankoviç aqressiv davranıb. Toral Bayramovla, Coni Montiel də etirazlarını hakimə hücum çəkməklə göstəriblər.
Matçdan sonra mətbuat konfransı zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da sonuncu epizodu penaltiyə çox bənzətdiyini qeyd edib.
Bu epizod və hakimin qərarı sosial şəbəkələrdə də geniş müzakirə edilir. Maraqlıdır, doğrudanmı həmin epizodda hakim ədalətsiz qərar verib?
Məsələ ilə bağlı News24.az-a danışan futbol eksperti Kənan Məstəliyev oyundakı iki əsas epizodla bağlı fikirlərini bölüşüb: “Bu epizodlardan biri Koxalskiyə qırmızı vərəqə verilməsi, digəri isə sonuncu dəqiqədə "Sabah"ın qapısına penalti təyin edilməməsi idi. Mənə görə, hər iki epizod mübahisəlidir və müzakirəyə açıqdır. Düşünürəm ki, burada “Qarabağ”ın qapıçısına qırmızı vərəqə verilməməli idi. Çünki bu, ağır qərardır və həmin epizodda sarı vərəqə ilə kifayətlənmək olardı.
Eyni zamanda, sonuncu dəqiqədə Kamilo Duranın epizodundan sonra top rəqib oyunçu Velko Simiçin əlinə dəydiyi üçün penalti təyin edilməli idi. Ümumilikdə, hakim oyunu yaxşı idarə edirdi, lakin penaltini verməməsi oyunun nəticəsinə təsir etdi".
Ekspertin sözlərinə görə, məhz həmin epizoddan sonra meydanda gərginlik yaşandı: ""Qarabağ" klubunun nümayəndələri hakimin qərarına etiraz etdilər. Mən bunun əleyhinəyəm, bu, doğru deyil. Hakim nə qədər səhv qərar versə belə, bu, heç kimə ona qarşı aqressiv davranmaq və ya hörmətsizlik etmək haqqı vermir.
Bəli, yanlış qərarlar ola bilər, hər kəs hadisəyə fərqli baxa və fikrini bildirə bilər. Amma "Qarabağ"ın məsələyə bu cür reaksiya verməsi düzgün deyildi. Futbolçuların davranışını isə açıq şəkildə tərbiyəsizlik hesab edirəm. Hakimə qarşı bu cür addımlar yanlışdır və təkrarlanmamalıdır.
Düşünürəm ki, müvafiq qurumlar bu məsələ ilə bağlı lazımi qərarları qəbul edəcək və müvafiq cəzalar tətbiq olunacaq".
Kənan Məstəliyev həmçinin oyunda olan atmosfer barəsində də fikirlərini bölüşüb: "Oyunun özü isə çox maraqlı keçdi. Stadion demək olar ki, tam dolmuşdu. Protokolda 9000-ə yaxın tamaşaçı göstərilsə də, tribunada təxminən 10000 nəfər var idi. Azərbaycan futbolu üçün bu, nadir və çox sevindirici haldır. Bu da "Qarabağ" ilə "Sabah" arasındakı rəqabətin nə qədər maraqlı olduğunu göstərir.
Ümumilikdə, yaxşı futbol izlədik, amma gərginlik də yaşandı. Bunu futbolun bir hissəsi kimi qəbul etmək olar".
Oyunla bağlı fikirlərini bildirən "Futbol+" saytının baş redaktoru Mahir Rustəmli isə bildirib ki, baş hakim Rəvan Həmzəzadə oyunun idarəçiliyinə pis başlamasa da, sonradan bəzi məqamlarda oyunun ipini əldən buraxıb: "Konkret olaraq, Mateuş Koxalskinin meydandan qovulması və son dəqiqələrdə “Sabah”ın qapısına təyin olunmayan penalti epizodu ilə bağlı kifayət qədər ciddi şübhələr var.
Bu epizodlara birmənalı münasibət bildirmək çətindir. Bununla belə, hesab edirəm ki, baş hakim Rəvan Həmzəzadənin qərarları ümumilikdə oyunun ruhuna uyğun deyildi və buna görə də, ciddi narazılıq doğurması, xüsusilə "Qarabağ" ın tərəfdarları arasında etirazlara səbəb olması təbiidir. Eyni zamanda, hakimliyin aşağı səviyyədə olması müəyyən mənada “Sabah”ın qələbəsinə kölgə salır.
O, həmçinin Ağdam təmsilçisinin oyunçularının davranışları barəsində də söz açıb: ""Qarabağ"ın bəzi futbolçuları – xüsusilə Musa Qurbanlı və Coni Montiel baş verənlərə daha emosional reaksiya göstərdilər. Bu, başadüşüləndir, lakin onlar emosiyalarını cilovlamalı, ən azı komandanın baş məşqçisi Qurban Qurbanov kimi daha soyuqqanlı davranmalı idilər.
Təəssüf ki, son vaxtlar keçirilən bir çox oyunlarda hakim qərarları bu və ya digər dərəcədə qarşılaşmalara kölgə salır və nəticədə meydandakı oyundan çox, hakimlərin qərarları günlərlə müzakirə olunur".
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Sabah” doğma meydanda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.