Rumıniya futbolunda əfsanələrin yerdəyişməsi

Rumıniya futbolunda əfsanələrin yerdəyişməsi İdman

Rumıniya Futbol Federasiyası (FRF) baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

News24.az xəbər verir ki, bu qərar təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlərlə əlaqədar verilib.

Federasiya rəhbəri Razvan Burleanu xəstəxanada müalicə alan Luçeskuya baş çəkib və ona federasiya adından tam dəstək olduğunu bildirib. Görüşdən sonra mətbuata açıqlama verən Burleanu qeyd edib ki, 79 yaşlı mütəxəssisin sağlamlıq vəziyyəti ilə bağlı detalları yalnız onun özü və ailəsi ictimaiyyətə açıqlaya bilər. O həmçinin uzun illər dünya futboluna iz qoymuş Luçeskuya tezliklə sağalmağı arzulayıb.

Beləliklə, dünya futbolunun ən yaşlı və təcrübəli məşqçilərindən biri hesab olunan Mirça Luçeskunun Rumıniya millisindəki ikinci dövrü gözlənilmədən başa çatıb.

Xatırladaq ki, Luçesku karyerası ərzində "Qalatasaray", "Beşiktaş", "Şaxtyor Donetsk" və "Dinamo Kiyev" kimi klublarla böyük uğurlara imza atıb.

Digər tərəfdən, Rumıniya mətbuatında yayılan məlumatlara görə, vəzifəsindən ayrılan Mirça Luçeskunu kimin əvəzləyəcəyi artıq bəllidir. Boş qalan baş məşqçi postuna "Qalatasaray"ın və Rumıniya futbolunun digər əfsanəvi siması George Hacinin gətirilməsi gözlənilir.