“Sabah Arena”dakı narazılıqlara klubdan CAVAB

“Sabah Arena”dakı narazılıqlara klubdan CAVAB İdman

Ötən gün “Sabah” – “Qarabağ” matçı Bakı təmsilçisinin yeni stadionu olan “Sabah Arena”da keçirilib. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə stadionla bağlı bir sıra narazılıqlar əks olunub.

Belə ki, stadionun qarşısında parkinq yeri olmasına baxmayaraq, sürücülərin dəniz kənarındakı əraziyə yönləndirildiyi bildirilir. Bununla yanaşı, tribunalardakı bəzi oturacaqların sınıq-salxaq olduğu, qopub töküldüyü və stadionun bir sıra hissələrinin nəzərəçarpacaq dərəcədə təmirsiz vəziyyətdə olduğu görünür.

Maraqlıdır, yeni təmirdən çıxan stadion niyə bu vəziyyətdədir?

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq “Sabah” futbol klubunun mətbuat xidmətindən verilən məlumata görə, hazırda stadionda təmir işləri davam etdirilir: “Stadionla bağlı azarkeşlərimizin hər bir müraciətinə ciddi yanaşır, səsləndirilən irad və təklifləri nəzərdən keçirərək müvafiq tədbirlər görməyə çalışırıq.

Hazırda “Sabah Arena”da şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Növbəti oyunlarda azarkeşlərimiz üçün daha rahat şərait yaratmaq məqsədilə lazımi addımlar atacağıq”.

Qeyd edək ki, “Sabah” rəhbərliyinin “Sabah Arena”nı 12 milyon manata aldığı iddia olunur.

Bunu da əlavə edək ki, “Sabah Arena”nın əvvəlki adı “Dalğa Arena”, daha sonra isə “Liv Bona Dea Arena” olub.