""Sabah" birdən-birə "Qarabağ" olmayacaq"

""Sabah" birdən-birə "Qarabağ" olmayacaq" İdman

Bu il Premyer Liqanın qalibi Masazır təmsilçisi "Sabah" klubu oldu. Bununla da komanda növbəti mövsümdə Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ qazandı. Bu, klubun tarixi baxımından mühüm nailiyyət hesab olunur və Azərbaycan futbolunda yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Məlumdur ki, Ağdam təmsilçisi olan "Qarabağ" illərdir avrokuboklarda, xüsusilə də Çempionlar Liqası və digər Avropa turnirlərində iştirak edir. Bu müddət ərzində komanda həm böyük təcrübə toplayıb, həm də beynəlxalq arenada müəyyən sabitlik və nüfuz qazanıb. Güclü rəqiblərə qarşı oynamaq, fərqli oyun üslublarına uyğunlaşmaq və yüksək təzyiq altında nəticə qazanmaq baxımından Qarabağ artıq kifayət qədər təcrübəli komandaya çevrilib.

Lakin "Sabah" daha yeni və inkişaf mərhələsində olan klubdur. Komanda son illərdə ciddi irəliləyişlər əldə etsə də, Çempionlar Liqası kimi yüksək səviyyəli turnirdə təmsil olunacaq qədər yetərli təcrübəyə malik deyil. Bu səbəbdən onların qarşısında həm taktiki, həm də psixoloji baxımdan böyük sınaq dayanır.

Maraqlıdır, bəs, futbol mütəxəssislərinin bununla bağlı qənaəti necədir? "Sabah" futbol klubu Çempionlar Liqasında çıxış etmək üçün hazırdırmı?

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən futbol eksperti Emin Abbasov qeyd edib ki, olacaqları zaman göstərəcək: "Biz təcrübəyə əsaslanıb, futbol nəzəriyyəsi üzərindən deyə bilərik ki, "Sabah"ı çətin sınaq gözləyir. "Qəbələ" nümunəsi var. Roman Qriqorçukun məşqçiliyi dönəmində ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsində oynamışdılar. Bu, həmin "Qəbələ" idi ki, Premyer Liqada "Qarabağ"la başabaş mübarizə aparırdı, çempionluğa layiq komanda təsiri bağışlayırdı.

Lakin Avropa Liqasında tam fərqli mənzərəyə şahidlik etdik. "Qəbələ" xal qazanmağa, qələbə əldə etməyə çox çətinlik çəkirdi. Çünki "Qarabağ"la müqayisədə avrokubok təcrübələri çox az idi.

İndi də oxşar durum "Sabah"la bağlıdır. Çox yaxşı komandadır, amma avrokubok təcrübələri azdır. Bugünə qədər beynəlxalq turnirlərdə ən yaxşı halda bir mərhələ adlamaqla yadda qalıblar. Bunu nəzərə alsaq, "Sabah"dan Çempionlar Liqasının Liqa mərhələsinə düşməyi tələb etmək doğru olmaz. Yəni, "Sabah"ın birdən-birə "Qarabağ" olması alınmayacaq. Onların da avrokuboklarda böyüməsi zaman istəyəcək. Buna rəğmən, komandanın ya Avropa Liqası, ya da Konfrans Liqasının əsas mərhələsinə düşmələri real görünür", - deyə o qeyd edib.