“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov

“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov İdman

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, mütəxəssis sabahkı matçın Emin Mahmudova həsr olunacağını bildirib:

“Eminə gələcək həyatında uğurlar arzulayıram. O, millimizin tarixində iz qoyan futbolçulardandır. Komandamızın qazandığı qələbələrdə onun böyük rolu olub. Onunla birlikdə çalışmaq bizim üçün xoş idi. Klub səviyyəsində bir yerdə işləməsək də, milli komandada bu fürsətimiz oldu. Emin həm qələbələrimizdə, həm də məğlubiyyətlərimizdə bizimlə bir yerdə olub. O, hələ futbolçu karyerasını tam başa vurmur. İnanıram ki, öz klubunda azarkeşləri qarşısında da son oyununu keçirəcək. Sabah isə onun üçün oynayacağıq.

Bu, millimizin builki son oyunudur. Gərgin matçdan sonra yoldaşlıq görüşünə çıxacağıq. Andorra son illərdə inkişaf edən komandalardandır. Baş məşqçisi səhv etmirəmsə, 16 ildir ki, komandada çalışır.

Sabah rotasiyalı heyətlə meydana çıxacağıq və buraya gələn hər bir futbolçuya şans vermək istəyirik. Ən önəmlisi gənc futbolçuları qazanmaqdır. Hazırda komandamızda gənclərimiz də var və onları milliyə qazandırmaq üçün bu, yaxşı fürsətdir. Sabahkı oyunda məsuliyyəti öz üzərlərinə götürməlidirlər. İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik. Maksimum nəticə əldə etməyə çalışacağıq.

Penalti təyin olunarsa, Emin Mahmudov meydanda olduğu təqdirdə zərbəni o yerinə yetirəcək. Emin meydanda olmasa, bu vəzifəni Toral Bayramov icra edəcək. Heyətlə bağlı Anton Krivotsyukdan başqa itkilərimiz yoxdur".

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Andorra - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.