""Sabah" Finlandiyada da favoritdir" - "KuPS"la cavab oyunu öncəsi TƏHLİL
İdman
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində uğurlu çıxışını davam etdirən "Sabah" ilk oyunda Finlandiya təmsilçisi "KuPS" üzərində 1:0 hesablı qələbə qazanaraq cavab qarşılaşması öncəsi vacib üstünlük əldə edib. Hesab minimal olsa da, Masazır təmsilçisi oyun ərzində həm topa nəzarət, həm də yaratdığı təhlükəli qol epizodlarının sayı baxımından rəqibini xeyli üstələyib. Bununla belə, komanda çoxsaylı imkanlardan maksimum yararlana bilmədiyi üçün görüş böyük hesabla yekunlaşmayıb.
Maraqlıdır, Masazır təmsilçisi axşamki səfər oyununda da üstünlüyünü qoruyub növbəti mərhələyə yüksələ biləcəkmi?
Bu barədə News24.az-a oyunu analiz edən futbol üzrə ekspert Kənan Məstəliyev qeyd edib ki, "Kups" ümumiyyətlə hücumameyilli komanda deyil: "Oyundan əvvəlki analizlərdə də qeyd olunduğu kimi, Finlandiya təmsilçisi daha çox intizamlı və təmkinli futbol oynayır. Onlardan yüksək pressinq, dalğa-dalğa hücumlar və ya fasiləsiz hücum futbolu gözləmək düzgün olmaz. Komanda əsasən mövqe futboluna üstünlük verir, müdafiədən oynayır və hücumlarını səbirli şəkildə qurmağa çalışır.
"Kups" 4-5-1 taktiki düzülüşü ilə çıxış edir və daha çox mövqe hücumlarına üstünlük verir. Bununla belə, heyətlərində keyfiyyətli futbolçular var. Müdafiədə oynamağa üstünlük vermələrinə baxmayaraq, "Sabah"ın təzyiqi qarşısında istədikləri qədər etibarlı müdafiə oluna bilmədilər. Təxminən 60-65 dəqiqə ərzində "Sabah" rəqibə rahat nəfəs almağa imkan vermədi".
Ekspert bildirib ki, futbolda heç bir komanda 90 dəqiqə fasiləsiz hücum edə bilməz: "Müəyyən məqamlarda komanda istər-istəməz geri çəkilir, nəfəsini dərir və oyunu daha sakit qurmağa çalışır. Məhz həmin anlarda "Kups" iki real qol imkanı əldə etdi. Bunlardan birində qapıçı inamlı çıxış etdi, digərində isə rəqib fürsəti dəyərləndirə bilmədi.
Məncə, "Sabah"ın daha çox qol vura bilməməsinin əsas səbəblərindən biri təcrübə amilidir. Komandada kifayət qədər keyfiyyətli və təcrübəli futbolçular olsa da, klub olaraq Avropa kuboklarında böyük təcrübəyə malik deyil.
"Kups" isə illərdir avrokuboklarda çıxış edir. Bu cür komandalar belə oyunların psixologiyasını yaxşı bilirlər. Bəzən futbolçular yaranan qol imkanlarında lazımı qədər soyuqqanlı davranmır, epizodlara rahat yanaşırlar və bunun nəticəsində məhsuldarlıq aşağı düşür.
Düşünürəm ki, baş məşqçi Valdas Dambrauskas bunun üzərində mütləq işləyəcək. O, kifayət qədər təcrübəli mütəxəssisdir və ötən mövsüm ərzində dəfələrlə göstərib ki, oyunun gedişinə düzgün müdaxilə etməyi, səhvlərdən nəticə çıxarmağı bacarır. Burada taktiki dəyişiklikdən daha çox futbolçularla fərdi söhbətlər aparmaq, onların oyuna maksimum ciddi yanaşmasını təmin etmək vacibdir.
Potensial, heyət keyfiyyəti və oyun səviyyəsinə görə "Sabah" rəqibindən daha güclü komandadır. Cavab görüşü Finlandiyada keçirilsə də, mən hələ də favoritin "Sabah" olduğunu düşünürəm. Sadəcə, bu üstünlüyü meydanda nəticəyə çevirmək lazımdır".