“Sabah” üçün ÇL sınağı: Hansı rəqiblərə qarşı şansı daha çoxdur?
İdman
“Sabah”ın “Barselona” sınağı: “Liqa mərhələsində iştirakın özü böyük qəhrəmanlıqdır”
“Sabah”ı qarşıda “Barselona”, “Arsenal” kimi Avropa futbolunun nəhəngləri ilə yanaşı, kifayət qədər güclü digər komandalarla da görüşlər gözləyir. Təbii ki, belə rəqiblərlə qarşılaşmalar “Sabah” üçün həm ciddi sınaq, həm də təcrübə baxımından əhəmiyyətlidir.
Maraqlıdır, bəs komandanın liqa mərhələsində hansı rəqiblərlə real şansı var? Püşkatmanın nəticələrini “Sabah” üçün nə dərəcədə uğurlu hesab etmək olar?
Bu barədə News24.az-a fikirlərini bildirən futbol üzrə ekspert Emin Abbasov qeyd edib ki, “Sabah”la qarşılaşmaya güclü rəqiblər düşüb: “Nisbətən daha rahat rəqiblər də düşə bilərdi. Amma belə alındı. Təbii ki, biz dünyanın aparıcı futbol klublarından biri olan “Barselona”nın hansı səviyyədə komanda olduğunu bilirik. Həqiqətən də, çətin rəqiblərdir”.
Ekspertin sözlərinə görə, amma bu qarşılaşma Azərbaycan üçün bayrama da çevrilə bilər: “Azərbaycanda “Barselona” azarkeşləri çoxdur. Onlar uzun illərdir gözləyirlər ki, kaş, “Qarabağ” “Barselona”ya rəqib olsun və bu komanda ölkəmizə gəlsin. Bu dəfə belə bir şans var.
Burada “Sabah”ın qarşısında hər hansı tapşırıq qoymaq, məncə, doğru olmaz. Liqa mərhələsində iştirakın özü böyük bir qəhrəmanlıqdır. Ona görə də sadəcə, oyunlardan zövq almaq lazımdır”.
Emin Abbasov “Sabah”ın şansları barəsində də söz açıb. Bildirib ki, "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) ilə oyunlar “Sabah” üçün daha münasib rəqiblərdir: “Amma digər qarşılaşmalarda da nə olacağını əvvəldən bilə bilmərik, hər şey mümkündür.
Lakin, dediyim kimi, burada söhbət nəticədən yox, Azərbaycan təmsilçisinin belə nüfuzlu və mötəbər turnirdə iştirakından gedir. Ona görə düşünürəm ki, xalqı olaraq hamımız bu oyunları izləyib zövq alacağıq və komandamızın dünyanın böyük klubları ilə qarşılaşmasının şahidi olacağıq”.