“Sabah” üçün əsas rəqib elə onun özüdür” – Kənan Məstəliyev
İdman
Hazırda Premyer Liqada “Sabah” inamlı şəkildə turnir cədvəlinə başçılıq edir. “Qarabağ” ikinci pillədə qərarlaşıb və komandalar arasında 10 xallıq fərq yaranıb ki, bu da mövsümün həlledici mərhələsində ciddi üstünlük hesab olunur.
Digər tərəfdən "Turan Tovuz" ilə “Qarabağ” arasındakı xal fərqinin azalması ikinci yer uğrunda mübarizəni daha da gərginləşdirir və çempionatda rəqabətin davam etdiyini göstərir.
Mövcud vəziyyəti nəzərə alsaq, Premyer Liqanın sonuna qədər mübarizənin daha da maraqlı və gərgin keçəcəyi gözlənilir. Bəs bu gedişat davam edərsə, mövsümün sonunda necə bir mənzərə ilə qarşılaşa bilərik? “Sabah”ı Çempionlar Liqasında görəcəyimizi demək nə dərəcədə realdır?
Mövzunu News24.az-a şərh edən futbol eksperti Kənan Məstəliyev bildirib ki, "Turan Tovuz" ilə "Qarabağ" arasındakı xal fərqinin azalması situativ xarakter daşıyır: "Yəni bu, "Qarabağ"ın müəyyən xal itirməsi və "Turan Tovuz"un xüsusilə də zəif rəqiblərlə oyunlarda xal qazanması ilə bağlıdır.
Deyilə bilər ki, xal fərqi azalır, amma düşünmürəm ki, bu fərq elə bir həddə çatsın ki, "Turan Tovuz" "Qarabağ"ı keçə bilsin. "Qarabağ"ın müəyyən problemləri olsa da, ən azından ikinci yeri itirəcəyini düşünmürəm. "Qarabağ" daha stabil və tempini qoruyaraq oynayan komandadır".
Ekspert həmçinin "Sabah" və "Qarabağ" oyunları barəsində də fikirlərini bölüşüb: "Hazırda "Qarabağ"ın “Sabah”la olan xal fərqi 10-dur və bu heç də az rəqəm deyil. Bu fərqi aradan qaldırmaq "Qarabağ" üçün çox çətin olacaq. Çünki məsələ təkcə "Qarabağ"ın özündən asılı deyil. "Qarabağ" bütün oyunlarını qazansa belə, hər şey öz əlində olmaya bilər.
“Sabah” da kifayət qədər stabil çıxış edir. Komandada müəyyən kiçik enişlər olsa da, ümumi səviyyə aşağı düşmür. Məsələn, Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ" “Sabah”ı məğlub edə bilər. Hətta öz meydanında qalib gəlib xal fərqini 4-ə endirsə belə, sonrakı oyunlarda “Sabah”ın bu qədər xal itirəcəyini düşünmürəm.
“Sabah”ın son 6 oyunundan biri "Qarabağ"a qarşıdır. Digər rəqiblər isə "Turan Tovuz", “Neftçi”, “Karvan”, “Şamaxı” və “Kəpəz”dir. Bu oyunlarda komanda yaxşı nəticə göstərərsə, böyük ehtimalla mövqeyini qoruyacaq”.
Şərhçi bildirib ki, ümumilikdə, hazırda “Sabah” üçün əsas rəqib elə özüdür: ““Qarabağ" nə qədər iddialı olsa da, vəziyyətə təsir etmək üçün “Sabah”ın xal itirməsini gözləməlidir.
Azərbaycan çempionatında hər şey mümkündür və sürprizlər baş verə bilər. Lakin real yanaşsaq, mövcud vəziyyətdə “Sabah”ın uğurlu mövsüm keçirdiyini və üstün mövqedə olduğunu demək olar”.
“Avropa yarışlarına gəlincə, “Sabah” hələ bu səviyyədə yeni komandadır və təcrübə baxımından geri qalır. Komanda seçmə mərhələlərdən başlayacaq və güclü rəqiblərlə qarşılaşacaq. Bu səbəbdən yüksək mərhələlərə yüksəlmək asan olmayacaq. Buna baxmayaraq, Konfrans Liqasında iştirak etmək şansı daha real görünür və böyük ehtimalla komanda bu turnirdə çıxış edəcək"- deyə o qeyd edib.