"Sabah", "Qarabağ", "Zirə" - Kimin şansı daha yüksəkdir?

"Sabah", "Qarabağ", "Zirə" - Kimin şansı daha yüksəkdir? İdman

UEFA-nın Avrokuboklar üzrə yeni mövsüm üçün keçirdiyi püşkatma mərasimindən sonra Azərbaycan təmsilçilərinin ilk mərhələdəki rəqibləri müəyyənləşib. Ölkəmizi Çempionlar Liqasında "Sabah", Avropa Liqasında "Qarabağ", Konfrans Liqasında isə "Zirə" təmsil edəcək. Püşkün nəticələri futbol ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub.

Bəs rəqiblər komandalarımız üçün nə dərəcədə təhlükəlidir? Təmsilçilərimizin növbəti mərhələyə yüksəlmək şansları nə qədərdir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən futbol üzrə ekspert Anar Xanlarov bildirib ki, püşkü klublarımız üçün münasib, hətta uğurlu demək olar:

"Düzdür, "Sabah"ın rəqibi TNS Uelsin ən titullu klubudur. Davamlı olaraq Avrokuboklarda oynayır və bu baxımdan təcrübəsi daha çoxdur. Amma istənilən halda "Sabah"ın mərhələ keçmək şansı daha yüksəkdir. Çünki büdcə və heyət baxımından rəqibindən üstündür. Sadəcə, "ikinci mərtəbə"də diqqətli olmalıyıq. Çünki rəqibin heyəti tamamilə britaniyalı futbolçulardan təşkil olunub və hava toplarında bizə təhlükə yarada bilərlər. Hansı ki, hava topları bizim yaralı yerimizdir."

Ekspert Ağdam təmsilçisinin rəqibi barəsində də danışıb: "Püşk baxımından ən çox bəxti gətirən komanda "Qarabağ" oldu. Hətta deyərdim ki, bu mövsüm Avrokuboklarda çıxış edəcək klublar arasında ən zəif rəqiblə üz-üzə gəlib. Çünki rəqib I Divizion klubudur.

Məlum olduğu kimi, İslandiyada mövsüm aprel-oktyabr ayları aralığında keçirilir. "Vestri" 2025-ci ildə başa çatan mövsümün yekunlarına görə yüksək liqanı tərk edib. Lakin kuboku qazandığı üçün Avropa Liqasına vəsiqə qazanıb. Amma həmin kuboku qazanan heyətin əksəriyyəti komandanı tərk edib. Yeni heyət daha çox I Divizion səviyyəsindədir. Hətta hazırda I Divizionda belə ilk beşlikdə yer almırlar. "Qarabağ" kimi Çempionlar Liqasında pley-off oynamış komanda hazırkı "Vestri"ni bir ayaqla keçməlidir"

Anar Xanlarov püşkatmadan sonra İslandiya təmsilçisi "Vestri"nin "Qarabağ"la qarşılaşacağına dair sosial şəbəkələrdə yayılan reaksiyalarını da şərh edib: "O ki qaldı rəqib futbolçuların püşkə reaksiyalarının əks olunduğu videoya, bunu demək çox çətindir ki, onlar buna sevinirlər, yoxsa öz günlərinə ironiya ilə gülürlər. Hər iki ehtimal mümkündür. Çünki etiraf edək ki, "Qarabağ" hər nə qədər Çempionlar Liqasında pley-off oynasa da, Azərbaycan futbol ölkəsi deyil və bu baxımdan bizi çoxları tanımır. Ona görə də hansısa komandanın bizə rəqib olmasını sevinclə qarşılaması normaldır."

O həmçinin "Zirə"nin rəqibləri barəsində də fikirlərini söyləyib: "Zirə" üçün də püşkü münasib hesab etmək olar. İlk növbədə, rəqib qonşu ölkənin komandasıdır və uzun səfərə ehtiyac yoxdur. "Torpedo" Gürcüstanın Kutaisi şəhərini təmsil edir ki, Qazaxdan ora cəmi 57 kilometr məsafə var. Üstəlik, Gürcüstanın klub futbolu elə də güclü deyil və son illərdə Azərbaycan klubları Avrokuboklarda gürcü təmsilçilərini nisbətən rahat keçiblər. Bu mənada "Zirə"nin də mərhələ adlamaq üçün yaxşı şansı var.

Amma komanda müəyyən çətinliklərlə üzləşə bilər. Çünki bizdən fərqli olaraq, Gürcüstanda çempionat davam edir və rəqib oyun praktikasına görə daha yaxşı vəziyyətdədir. Digər tərəfdən, "Turan Tovuz"la bağlı məlum məsələyə görə, "Zirə"nin Avrokuboklarda iştirak edəcəyi son anda dəqiqləşdi. Rəşad Sadıqov faktiki olaraq dağılmış komandanı yenidən formalaşdırmalıdır. Futbolçuları istirahətdən qaytarıb qısa müddətdə optimal vəziyyətə gətirmək lazımdır. Bununla yanaşı, yeni transferlərin də həyata keçirilməsi tələb olunur. Təbii ki, bütün bunları 15-20 gün ərzində reallaşdırmaq asan deyil. Bu baxımdan "Zirə" müəyyən sıxıntılar yaşaya bilər. Amma buna baxmayaraq, komandanın mərhələ keçmək şansının yüksək olduğunu düşünürəm."