“Sabah” İsrail çempionunu mübarizədən kənarlaşdıra bilərmi?

“Sabah” İsrail çempionunu mübarizədən kənarlaşdıra bilərmi? İdman

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni davam etdirir. Təmsilçimiz ilk görüşdə səfərdə İsrail çempionuna 1:2 hesabı ilə uduzub. Komanda mərhələni adlamaq üçün Bakıda keçiriləcək cavab qarşılaşmasında ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.

Səfərdəki məğlubiyyətə baxmayaraq, “Sabah”ın nümayiş etdirdiyi oyun və ev amili komandaya ümid verir.

Maraqlıdır, bəs təmsilçimizin növbəti mərhələyə keçmək şansı nə qədərdir?

Mövzu ilə bağlı fikirlərini News24.az-la bölüşən Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov bildirib ki, rəqib İsrail çempionudur və səviyyəsi göz qabağındadır: “İlk oyun, adətən, çox çətin olur. Hər iki komanda bir-birini tanımaq baxımından ehtiyatlı davranır. İlk hissədə bunun şahidi olduq. Amma ikinci hissədə daha açıq futbol gördük”.

Mütəxəssisin sözlərinə görə, rəqib topla oynamağı sevən komandadır: “Eyni zamanda, oyun strukturu baxımından da nizamlı təsir bağışlayır. “Sabah”ın da oyunun gedişatında rəqibi yaxalayıb qol vura biləcək bir neçə epizodu oldu.

Təmsilçimizin səfərdə məğlub olmasına baxmayaraq, göstərdiyi oyun onu deməyə əsas verir ki, rəqibi evdə üstələyə bilər. Bundan əvvəl Danimarka çempionuna qarşı oyunda da bunu gördük. Səfərdə məğlub olmuşdular, amma evdə çox gözəl oynayıb layiqli qələbə qazandılar”.

Sabiq baş məşqçinin fikirlərinə görə, evdə uğurlu oyun göstərmək üçün rəqibin taksikası haqqında yetərli bilgi var: “Artıq rəqibin güclü və zəif cəhətləri məlumdur və komanda üzvlərinin bunları düzgün şəkildə tətbiq etməsi vacibdir. Xüsusilə onların hücumda olan, əsasən də sol cinahdakı oyunçularına diqqət yetirmək lazımdır. İlk oyunda hücumların böyük hissəsi rəqibin sol cinahından, yəni “Sabah”ın sağ tərəfindən qurulurdu. Buna görə də bu məqam mütləq nəzərdən keçirilməli və daha diqqətli olmaq lazımdır.

Amma ümumi götürsək, məncə, “Sabah”da olan potensial imkan verir ki, rəqibini üstələsin. Düzdür, bu, heç də asan olmayacaq. Amma inanıram ki, “Sabah” növbəti mərhələni keçərək qrup mərhələsinə düşə bilər”.