“Sabah”ımızın sabahı necə olacaq?
İdman
"Sabah” UEFA Çempionlar Liqasında Almaniyanın köklü klublarından olan “Borussiya Dortmund”la qarşılaşacaq. Avropa futbolunda zəngin tarixə və böyük təcrübəyə malik rəqibə qarşı mübarizə aparmaq təmsilçimiz üçün ciddi sınaq olacaq. Almaniya klubunun sürətli hücumları, yüksək oyun tempi və təzyiqli futbolu “Sabah”dan xüsusi diqqət və intizam tələb edir.
Bəs komandamız bu çətin qarşılaşmada hansı nəticəyə ümid edə bilər? "Sabah"ın “Slaviya” ilə oyunda nümayiş etdirdiyi performans “Borussiya Dortmund”a qarşı da kifayət edəcəkmi, yoxsa daha yaxşı oyun göstərmək lazım gələcək? Komandamızın xal qazanmaq şansları nə qədərdir?
News24.az-a açıqlama verən millimizin sabiq məşqçisi Arif Əsədov qeyd edib ki, Sabah komandamızı çox çətin oyun gözləyir: “Rəqib Almaniya klubudur və biz hamımız bu çempionatının səviyyəsini yaxşı bilirik. Bu baxımdan, “Borussiya Dortmund” çox dinamik, intensiv və aqressiv komandadır. Vaxtilə bu komanda “Qarabağ”la da qarşılaşıb. “Slaviya”dan fərqli olaraq, “Borussiya”ya qarşı daha diqqətli olmaq lazımdır.
“Sabah”ın xal qazanmaq şansı var. Komandanın indiyədək göstərdiyi performans onu deməyə əsas verir ki, komandamız istənilən rəqibə qarşı sürpriz edə bilər. Buna “Borussiya” ilə oyunda da nail olmaq mümkündür. Sadəcə, rəqib səviyyəsinə görə çox güclü klublardan biridir”.
Sabiq məşqçi bildirib ki, Bakı təmsilçisinin mümkün qədər az səhvə yol vermək, xüsusilə müdafiədə diqqətli olmaq və komanda şəklində rəqibə boşluqlar buraxmaması vacibdir: “Xüsusilə cərimə meydançasında rəqib hücumçularını nəzarətdə saxlamaq və standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. Mənə elə gəlir ki, “Sabah”ın qol imkanları olacaq. Çünki bu, kreativ komandadır və istənilən rəqibə qarşı hücum etməkdən çəkinmir. Lakin yaranan fürsətlərdən maksimum yararlanmaq lazımdır. Çünki belə oyunlarda çoxsaylı qol imkanları əldə etmək çətin ola bilər.
“Sabah”a uğurlar arzulayaq. Ümid edək ki, komanda minimum məqsəd olaraq bir xal, maksimum isə üç xal qazana biləcək”.