"Səfərdə bizi olduqca çətin oyun gözləyir" - Valdas Dambrauskas
İdman
"İlk növbədə, "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Düşünürəm ki, azarkeşlərimiz stadionu bir qədər məyus tərk etdilər. Taktiki baxımdan oyunçularımdan heç bir narazılığım yoxdur. Komandamız çoxlu qol epizodları yaratdı".
News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" - "KuPS" matçından sonra keçirilən mətbuat konfransı zamanı Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas deyib.
Onun sözlərinə görə, oyunun sonunda bəxt də bizim tərəfimizdə oldu: "Çünki rəqib əlverişli qol fürsəti yaxalasa da, bundan yararlana bilmədi. Qarşıda bizi səfərdə çox çətin oyun gözləyir. İnanıram ki, bu gün dəyərləndirə bilmədiyimiz qol imkanlarından cavab görüşündə istifadə edəcəyik.
Meydançaya hücumameylli oyunçular buraxmağımın məqsədi ikinci qolu vurmaq idi. Futbolçularımın meydanda ortaya qoyduğu enerji və mübarizə məni razı saldı. Həqiqətən də ikinci qolu vurmağa çox yaxın idik. İstəyirəm ki, komandamız oyun fəlsəfəmizə tam uyğunlaşsın və bunu meydanda daha sabit şəkildə nümayiş etdirsin.
İndi bu oyunu ətraflı təhlil etməliyik. Hansı məqamları inkişaf etdirməli olduğumuzu müəyyənləşdirib üzərində işləyəcəyik. Qarşıda bizi səfərdə çox çətin və həlledici bir qarşılaşma gözləyir".