“Turan” Avropanın ən mötəbər turnirinə hazırdır - VİDEO
İdman
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlığının son mərhələsindədir.
News24.az xəbər verir ki, klub yay fasiləsində bir sıra adlarla güclənib. Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çin voleybol məktəblərinin tanınmış adlarının transferi ilə yanaşı, milli komandamızın simaları da “Turan”ın uğurları üçün çalışacaqlar.
Baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub. Burada intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib.
Ardınca Yunanıstana yollanan kollektiv Santorini şəhərində təlim-məşq toplanışını davam etdirib. Burada da hazırlıq prosesinin əsas hissəsini məşqlər və yoxlama oyunları təşkil edib.
Daha sonra İstanbulda davam edən hazırlıq çərçivəsində Avropanın aparıcı komandalarından “Fənərbaxça” ilə yoldaşlıq görüşü keçirilib. Toplanışın son mərhələsi isə Bakıda – klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir.
Uzunmüddətli hazırlıq prosesi çərçivəsində fiziki, taktiki və psixoloji hazırlığın yüksək səviyyəyə çatdırılması əsas prioritetlərdəndir.
Qeyd edək ki, “Turan” Çempionlar Liqası çərçivəsində oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə üz-üzə gələcək.