"Turan Tovuz" Konfrans Liqasına qayıdacaqmı? - Ekspertdən açıqlama

"Turan Tovuz" Konfrans Liqasına qayıdacaqmı? - Ekspertdən açıqlama İdman

"Turan Tovuz" 2025-2026 mövsümündə Azərbaycan Premyer Liqasında stabil çıxışı ilə diqqət çəkərək avrokubok zonasında mövsümü başa vurub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Lakin klubun Avropa arenasına çıxışı UEFA-nın qəbul etdiyi qərarla dayandırılıb və Tovuz təmsilçisi turnirdən kənarlaşdırılıb. Bu qərardan sonra klub məsələni hüquqi müstəvidə davam etdirərək Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Hazırda iş CAS-da baxılma mərhələsindədir və yekun qərarın yaxın günlərdə açıqlanması gözlənilir.

Bəs "Turan Tovuz"un Konfrans Liqasına qayıdış ehtimalı nə qədər realdır və CAS prosesindən hansı nəticə gözlənilir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən futbol üzrə ekspert Kənan Məstəliyev qeyd edib ki, CAS-ın UEFA-nın qərarını ləğv etməsi ehtimalı yüksək qiymətləndirilmir. Onun sözlərinə görə, məhkəmə təcrübəsində əksər hallarda UEFA-nın qərarları qüvvədə saxlanılır.

Bununla belə, ekspert qeyd edib ki, "Turan Tovuz"un işi müəyyən mənada fərqlənir:

"Belə ki, məsələdə sənədləşmə, məlumatlandırma prosesi və tərəflər arasında aparılan yazışmalarla bağlı müxtəlif hüquqi məqamlar mövcuddur. UEFA bu iş üzrə fərqli qərar da qəbul edə bilərdi".

O qeyd edib ki, klubun maraqlarını CAS-da bu sahədə böyük təcrübəyə malik ispaniyalı vəkil müdafiə edir: "Həmin hüquqşünasın daha əvvəl də CAS-da uğurlu nəticələr əldə etdiyi bildirilir".

Ekspertin sözlərinə görə, əgər "Turan Tovuz"un xeyrinə hər hansı imkan mövcuddursa, təcrübəli vəkil bu şansdan maksimum istifadə etməyə çalışacaq. O, həmçinin vəkilin işlə bağlı optimist olduğunu və klubun avrokuboklara qayıtmaq şansının olduğunudeyib.

Onun sözlərinə görə, məhkəmə qərarının "Turan Tovuz"un əleyhinə çıxma ehtimalı daha çoxdur: "Lakin mövcud hüquqi arqumentləri nəzərə alsaq, klubun müəyyən şanslarının olduğunu da söyləmək mümkündür. Yekun qərar yaxın günlərdə məlum olacaq".